Kamal Cəfərov: “Sabirabadda Aqrar Universitet və ya aqrar kollecin yaradılmasına ehtiyac var”

Kamal Cəfərov: “Sabirabadda Aqrar Universitet və ya aqrar kollecin yaradılmasına ehtiyac var”
# 16 mart 2021 16:10 (UTC +04:00)

“Sabirabadda Aqrar Universitetin və ya aqrar kollecin yaradılmasına ehtiyac var”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Kamal Cəfərov deyib.

Deputat bildirib ki, Sabirabad respublikada təhsil səviyyəsinə görə ən aşağı nəticə göstərən rayondur: “Rayonda belə bir təhsil müəssisəsi olarsa, həm qonşu rayonlar, həm də Sabirabadda təhsilin səviyyəsi arta bilər. Düzdür, bizə diplomlu işsizlər lazım deyil, ancaq ən azından Sabirabadda müasir aqrar kollec yaradıla, ixtisaslı və peşə hazırlığı olan gənc fermerlər hazırlana bilər. Sabirabad rayonu ən iri kənd təsərrüfatı rayonlarından biridir. Əhalinin su ilə təminatının yaxşılaşdırılması və payızlıq əkinlərin suvarılması üçün rayona ayrılmış enerji limitinə yenidən baxılması zəruridir. Sabirabad rayonunda 85 təhsil müəssisəsindən 64-nün yenidən qurulmasına ehtiyac var”.

Deputat Sabirabad rayonunda mövcud olan digər problemləri də səsləndirib, hökumətdən bu problemlərin həlli üçün tədbirlər görülməsini istəyib.

O qeyd edib ki, Sabirabadda yaşı 1 əsrdən çox olan və dağılmaq təhlükəsi üz-üzə qalan tarixi abidə var: “Mirmusa Tağıyev tərəfindən qotik üslubda tikdirilən köhnə hamam Nazirlər Kabinetinin müvafiq qərarı ilə yerli əhəmiyyət daşıyan tarix və mədəniyyət abidələrinin siyahısına daxil edilib. Həm keçmiş, həm də indiki mədəniyyət nazirinə deputat sorğusu göndərmişəm. Anar müəllimdən xahiş edirəm, bu məsələni nəzarətə götürsün”.

K. Cəfərov nəzərə çatdırıb ki, rayondan ən çox müraciət işsizlik və özünəməşğulluq proqramı ilə bağlı edilir: “Davamlı inkişaf üçün və dövlətin ayırdığı milyonlarla vəsaitin, yəni debitin inkişafa və ya nəticəyə dəstək verməsi üçün bu proqramlar mütləq təkmilləşdirilməlidir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR