Millət vəkili: “Bu gün Azərbaycan dünyada çox böyük hörmətə malik ölkədir”

Millət vəkili: “Bu gün Azərbaycan dünyada çox böyük hörmətə malik ölkədir”
# 19 may 2020 23:26 (UTC +04:00)

“DOST mərkəzlərinin fəaliyyətə başlaması Azərbaycanda sosial sahədə görülən işlərin, aparılan islahatların əyani təzahürüdür. Bu gün Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 3 saylı DOST mərkəzinin açılışında iştirak edib və dövlət başçısı sosial sahədə aparılan islahatlarla bağlı mühüm mesajlar verib”.

Bunu APA-ya açıqlamasında millət vəkili Cavid Osmanov bildirib.

Millət vəkili qeyd edib ki, vətəndaşların DOST mərkəzlərinin fəaliyyətini bəyənmə əmsalı 96 faizə çatıb, DOST mərkəzlərində göstərilən xidmətlər sosial təminat sahəsində böyük yenilikdir: “Azərbaycanda 30-dan çox DOST mərkəzinin fəaliyyətə başlaması nəzərdə tutulur. DOST mərkəzlərində 130-dan çox xidmətin göstərilməsi sosial sahənin bütün xidmətlərini ehtiva edir. DOST mərkəzlərində tətbiq olunan innovasiyalar Azərbaycan hakimiyyətinin gələcəyə baxışı ilə tam uzlaşır. İnnovativ inkişaf həyata keçirilən siyasətin əsas istiqamətlərindən biridir”.

C. Osmanov deyib ki, Prezident İlham Əliyev çıxışında gənclərə də xüsusi yer ayırıb: “Azərbaycan gəncləri ölkəmizin uğurlu inkişafında fəal rol oynayır. DOST mərkəzlərinin fəaliyyətə başlaması da gənclərin fəallığı, onların müasir biliklərə malik olmasının bir təzahürüdür. Dövlət başçısının da qeyd etdiyi kimi, məhz innovasiyaya olan maraq, gənclərin fəallığı, onların müasir bilikləri imkan verdi ki, Azərbaycan öz daxili intellektual resursları hesabına belə mərkəzləri yaratsın və digər ölkələrlə bu təcrübəni bölüşsün. Artıq bir neçə ölkə DOST mərkəzlərinə dair təcrübə ilə bağlı ölkəmizə müraciət edib və Azərbaycan öz təcrübəsini bölüşməyə hazırdır. Bu gün gənclərimiz çox böyük peşəkarlıq nümayiş etdirir, müasirlik baxımından ən yüksək meyarlara cavab verirlər. Gələcəkdə də gənclərimiz yaxşı oxumalı, peşəkar olmalı, öz fəaliyyətləri ilə ölkəmizin inkişafına daha böyük xidmət göstərməlidirlər”.

Millət vəkili Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin mərkəzində məhz Azərbaycan vətəndaşı dayandığını vurğulayıb: “Hələ 2019-cu ildə müstəqillik dövrünün ən geniş sosial paketi təqdim olundu və uğurla icra edildi. Bu sosial paket 4 milyon 200 min insanı əhatə etdi. 2020-ci ildə sosial sahədə görülən işlər ötən il həyata keçirilən tədbirlərin məntiqi davamıdır. Koronavirus pandemiyası dövründə görülən işlər bir daha həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayandığını ortaya qoydu. Koronavirus pandemiyası dövründə ölkəmizdə təqdim edilən əhatəli sosial paket dünyanın bir çox inkişaf etmiş ölkələrində belə həyata keçirilməyib. Pandemiya dövründə dövlət sektorunda fəaliyyət göstərən 900 min insanın əməkhaqqı tam, özəl sektorda təxminən 700 min insanın əməkhaqqının əhəmiyyətli hissəsi dövlət tərəfindən ödənildi. 600 min insana sosial yardım verildi. 80 min ailə ünvanlı sosial yardım proqramı ilə əhatə olunur və orta hesabla hər bir ailəyə hər ay 220 manatdan çox vəsait ödənilir. 90 min ödənişli ictimai iş yerlərinin açılması nəzərdə tutulur. Özünüməşğulluq proqramında 12 min insan əhatə olunur. Bu dövrdə heç bir sosial proqram, sosial infrastruktur layihəsi ixtisar edilmədi”.

C. Osmanov qabaqlayıcı tədbirlərin ölkəmizdə pandemiyanın geniş vüsət almasının qarşısını almağa imkan verdiyini vurğulayıb: “Məhz bu qabaqlayıcı tədbirlər nəticəsində Azərbaycan bu gün bu sahədə dünyanın ən sabit ölkələrindən biri, bəlkə də birincisidir. Görülən qabaqlayıcı tədbirlər nəticəsində pandemiyanın birinci dalğasının qarşısı uğurla, peşəkarlıqla alınıb. Təsadüfi deyil ki, Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanda bu sahədə görülən işləri yüksək qiymətləndirir və Azərbaycanı nümunəvi ölkə adlandırır. Azərbaycan modelinin effektivliyini görərək digər dövlətlər bu modeli tətbiq etməyə başlayıblar. Bu gün Azərbaycan dünya miqyasında çox böyük hörmətə və yüksək imicə malik olan ölkədir. Azərbaycan bu günə qədər 13 ölkəyə və 3 beynəlxalq təşkilata yardım göstərib, Ümumdünya Səhiyyə Təşkilatına hər dəfə 5 milyon dollar olmaqla, iki dəfə yardım ayırıb. Onu da qeyd etmək lazımdır ki, Prezident İlham Əliyevin təşəbbüsü və sədrliyi ilə videokonfrans formatında keçirilən Türk Şurası və Qoşulmama Hərəkatı Təmas Qrupunun Zirvə görüşlərinin yekun bəyannamələrində Azərbaycanın xüsusi rolu qeyd olunur. Ümumdünya Səhiyyə Təşkilatının Baş Direktoru, Avropa İttifaqının Ali nümayəndəsi Prezident İlham Əliyevə koronavirus pandemiyası ilə mübarizə sahəsində tək milli deyil, qlobal miqyasda fəaliyyətinə görə təşəkkürlərini çatdırıblar”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR