Prezident: “Parlament seçkiləri bir daha göstərdi ki, apardığımız siyasət vətəndaşlar tərəfindən dəstəklənir”

Prezident: “Parlament seçkiləri bir daha göstərdi ki, apardığımız siyasət vətəndaşlar tərəfindən dəstəklənir”
  • Clock-gray 22:35
  • calendar-gray 14 Aprel 2020

“İslahatların məntiqi davamı parlament seçkiləri idi və bu ilin fevral ayında keçirildi. Parlament seçkiləri bir daha xalqımızın iradəsini ifadə etdi, bir daha göstərdi ki, apardığımız siyasət Azərbaycan vətəndaşları tərəfindən bəyənilir, dəstəklənir və parlament seçkiləri demokratik inkişaf istiqamətində atılmış növbəti addımdır”.

APA-nın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev aprelin 14-də 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində müşavirədə çıxışında deyib.

Prezident İlham Əliyev qeyd edib ki, seçkilərdən sonra parlamentin tərkibi böyük dərəcədə, rəhbər orqanları isə tam dəyişdirilib: “Tarixdə ilk dəfə olaraq, müxalifət nümayəndəsi Milli Məclisin sədrinin müavini vəzifəsinə seçildi. Hesab edirəm ki, bu, siyasi sistemin təkmilləşdirilməsi və siyasi münasibətlərin sağlam zəmində qurulması istiqamətində atılmış önəmli addımdır. Eyni zamanda, tarixdə ilk dəfə olaraq, parlament komitələrinə müxalifət nümayəndələri başçılıq edirlər, həm sədr, həm müavin vəzifələrində. Hesab edirəm ki, bu da çox önəmli addımdır və ilk növbədə, siyasi sistemin yeni konfiqurasiyasına yol açan bir addımdır, eyni zamanda, Milli Məclisdə gedən proseslərə müsbət təsir göstərəcək. İndiki şəraitdə biz açıq-aydın görürük ki, siyasi qüvvələrin mütləq əksəriyyəti dövlətçilik prinsiplərini hər şeydən üstün tutur və bu da əslində, bizim əsas məqsədimizdir. Çünki əsas məqsədimiz elə siyasi sistem yaratmaqdır ki, fərqli baxışlardan asılı olmayaraq, hər bir siyasi qüvvə üçün bir amal müqəddəs olsun, o da dövlətçilik, müstəqillik, azadlıq, rifah və inkişafdır. Belə olan halda həm siyasi müstəvidə işlər müsbət istiqamətdə gedəcək, eyni zamanda, ölkədə mövcud olan problemlər daha tezliklə həll olunacaq. Çünki müxalifət nümayəndələri bəzən iqtidar nümayəndələrinin görmədiyi qüsurları görürlər, onları dilə gətirirlər, onları diqqətə çatdırırlar və bu, çox müsbət haldır. Ancaq, eyni zamanda, bir daha demək istəyirəm ki, bütün siyasi qüvvələr üçün bir amal, bir məsələ toxunulmaz olmalıdır, bu da bizim müstəqilliyimiz, dövlətçiliyimiz və dövlət maraqlarıdır. Hesab edirəm ki, hakimiyyət tərəfindən atılan addımlar, siyasi dialoqun başlanması və müxalifət partiyaları tərəfindən buna müsbət reaksiya verilməsi müstəqillik dövründə tam yeni vəziyyətin yaradılmasına gətirib çıxarır. Müstəqillik dövründə bu sahədə heç vaxt belə müsbət mənzərə müşahidə edilmirdi.

Əlbəttə, bəlkə mən hadisələri bir qədər qabaqlayıram. Çünki bu proses hələ təzə-təzə başlayır. Ancaq bəlkə ona görə qabaqlayıram ki, mən bu prosesin sürətlə getməsini arzulayıram. Şadam ki, bizim dialoq təklifinə müxalifət partiyalarının hamısı müsbət cavab verib və artıq siyasi dialoq başlayır. Əminəm ki, bu, ölkəmizə böyük fayda gətirəcəkdir".

apa-logo-mini

Digər xəbərlər