Səbail rayonunda hesabat yığıncağı keçirilib

Səbail rayonunda hesabat yığıncağı keçirilib
# 24 fevral 2020 17:40 (UTC +04:00)

Fevralın 24-də Səbail rayonunun 2019-cu ilin yekunları və 2020-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib.

APA-nın məlumatına görə, tədbirdə Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Tağı Tağıyev, RİH başçısının müavinləri, RİHBA-nın şöbə müdirləri, RİHBA-nın məsul işçiləri, rayonun hüquq-mühafizə orqanları, bələdiyyə sədrləri, rayonun xidmət sahələrinin rəhbərləri, Səbail Rayon İcra Hakimiyyətində təcrübə keçən könüllülər və sakinlər iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoymuşlar. Hesabat tədbirini giriş nitqi ilə açan Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov bildirib ki, ötən il regionda və dünyada cərəyan edən ziddiyyətli proseslər şəraitində Azərbaycan daxili sabitliyini qorumaqla, inkişafını təmin etməklə, iqtisadiyyatını müsbət artım dinamikasına kökləməklə və irimiqyaslı layihələri başa vurmaqla öz tarixinin yeni və möhtəşəm hadisələrinə imza atıb: “Ulu öndər Heydər Əliyevin başlatdığı və bu gün Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi kurs Azərbaycanın yerləşdiyi bölgənin liderinə, dünyada isə söz sahibinə çevrilməsini təmin edib. Bu siyasətin nəticəsidir ki, Azərbaycan dünya birliyinin fəal və qəbul edilən üzvü kimi beynəlxalq münasibətlərdə fəal iştirak edir. Rəsmi və işgüzar görüşlərində, müxtəlif beynəlxalq tədbirlər çərçivəsində Azərbaycanın milli və dövlət maraqlarını təmin edən dövlət başçısı siyasi uzaqgörənliyi ölkəmizin mövqelərini davamlı olaraq gücləndirir. Təbii ki, uğurla aparılan bu müstəqil xarici siyasət ölkəmizin beynəlxalq səviyyədəki nüfuzunu və qlobal miqyasda respublikamıza olan rəğbəti daha da artırıb. Biz əminik ki, hər bir sahə üzrə əldə olunan inkişaf yüksək templə davam etdiriləcək və ölkəmiz 2020-ci ildə də yeni inkişaf göstəricilərinə nail olacaq. Ölkə başçısı cənab İlham Əliyevin qeyd etdiyi kimi, ölkəmiz bundan sonra da müstəqillik və inkişaf yolu ilə gedəcək və bizi bu yoldan heç bir qüvvə döndərə bilməz”.

Daha sonra Vüqar Zeynalov Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrini rəhbər tutaraq ölkənin bütün regionlarında olduğu kimi, paytaxtın Səbail rayonunda da mərhələli və planlı şəkildə həyata keçirilən abadlıq quruculuq işləri çərçivəsində rayonun mərkəzi küçələrində, məhəllədaxili yollarında, yaşayış evlərinin fasad və dam örtüklərində, park və meydanlarında, həmçinin digər infrastruktur sahələrində yenidənqurma və əsaslı təmir işləri aparıldığını qeyd edib.

Hesabat yığıncağında çıxış edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Tağı Tağıyev Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə gedən hərtərəfli və sürətli tərəqqidən danışaraq 2019-cu ildə islahatların yeni mərhələsinə qədəm qoyulduğunu və islahatların məqsədyönlü şəkildə həyata keçirilməsi üçün çox ciddi addımlar atıldığını bildirib.

Hesabat dövründə Səbail rayonunda cinayətkarlıqla mübarizə, ictimai qaydanın və təhlükəsizliyin təmin olunması, əldə olunmuş nəticələr və qarşıda duran vəzifələr barədə məruzə ilə çıxış Səbail Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Cavid Muradov ölkə başçısının rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü hüquq-mühafizə siyasəti, konkret hədəflərə istiqamətlənmiş fəaliyyəti nəticəsində ölkənin siyasi və sosial-iqtisadi həyatında baş verən davamlı inkişafın ümumən daxili işlər orqanlarının fəaliyyətinin daha da təkmilləşdirilməsinə müsbət təsiri olduğunu vurğulayıb.

Daha sonra 239 nömrəli tam orta məktəbin direktoru Sədaqət Əzimova çıxış edərək Prezident İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın rəhbərliyi ilə ölkədə təhsilin inkişafı, onun maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülən işlər və həyata keçirilən layihələr barədə ətraflı məlumat verib.

Səbail Rayon Sukanal İdarəsinin rəisi Rauf Osmanov yığıncaqda çıxış edərək 2019-cu il ərzində görülən işlərdən bəhs edib, qarşıya qoyulan vəzifələrin uğurla yerinə yetirilməsində səylə çalışacağını bildirib.

Müzakirələrdən sonra cari ilin konkret hədəflərini əks etdirən qərar qəbul olunaraq, toplantı iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə ünvanlanan müraciətdə rayonun sürətli inkişafına göstərdiyi diqqət və qayğıya görə ölkə rəhbərinə minnətdarlıq, səbaillilərin quruculuq əzmi ifadə edilib.

Sonda rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə bir qrup şəxs Səbail Rayon İcra Hakimiyyəti Başçısının Fəxri Fərmanı ilə təltif olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR