Siyasi ekspert: "Avropa institutlarının bu fəlsəfəsi yüz ildir dəyişmir”

Siyasi ekspert: "Avropa institutlarının bu fəlsəfəsi yüz ildir dəyişmir”
# 06 fevral 2020 18:37 (UTC +04:00)

“Azərbaycanı daim hədəfə alan AŞPA digər ölkələrdə insan hüquq və azadlıqlarının kobud şəkildə pozulmasına, siyasi məhbusların mövcudluğuna, vətəndaş cəmiyyətinə, mediaya qarşı basqılara göz yumur”.

Bunu APA-ya açıqlamasında Prezident İlham Əliyevin Avropa Şurası ilə bağlı fikirlərinə münasibət bildirən Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov deyib.

Z. Məmmədov bildirib ki, ümumilikdə Avropa institutlarının yeganə siyasəti xristian dairələri müdafiə etməkdən ibarətdir: “Bu fəlsəfə yüz ildir, dəyişmir. Azərbaycan və Türkiyə Avropa Şurasına üzv olandan daim hədəf seçilib. Bu həmin təşkilatda mövcud olan ayrı-seçkilik, riyakarlıq və ikili standartların bariz nümunəsidir. 100 il əvvələ nəzər salsaq, o zaman da Qərb tərəfindən Azərbaycan və Türkiyə əleyhinə addımlar atıldığını görürük. Böyük Ermənistan dövləti qurmaq uğrunda Qərbin canfəşanlığını unutmaq olmaz. Qərbin indiki addımları həmin dövrdə atdığı addımların, ikili standartlardan çıxış edən siyasətin davamıdır. Bu qurumlar, ayrı-ayrı etnik və dini qruplardan istifadə edərək, Azərbaycan və Türkiyəyə qarşı mübarizə aparmaq yolunu seçib. Müstəqil Azərbaycan bərqərar olandan sonra ölkəmizin Avropa İttifaqının əsas enerji təminatçılarından biri olması, “Əsrin müqaviləsi”ni məhz Qərb ölkələri ilə imzalaması da Qərbin ikili standartlar siyasətinə təsir etmədi. Çünki Qərbin bu bölgə ilə bağlı öz fəlsəfəsi var. Prezident İlham Əliyev də bütün bunları çox yaxşı bilir. Məhz buna görə Azərbaycan balanslaşdırılmış siyasət aparır. Ölkəmiz kimin dostlarımızın, kimin düşmənlərimizin yanında olduğunu görür. Azərbaycan bu təşkilata olan ümidlərini çoxdandır ki, itirib. Çünki Azərbaycan daim siyasi sifariş əsasında hədəf seçilib, ölkə haqqında olmayan yalanlar uydurulub və yayılıb”.

Z. Məmmədov vurğulayıb ki, Azərbaycanı daim hədəf götürən AŞPA digər ölkələrdə insan hüquq və azadlıqlarının kobud şəkildə pozulmasına, siyasi məhbusların mövcudluğuna, vətəndaş cəmiyyətinə, mediaya qarşı basqılara göz yumur: “Ermənistanda sabiq prezident həbs olunub. Ümumiyyətlə, Ermənistanda indiki hakimiyyətə alternativ olmaq istəyən siyasi təşkilatlar daim təzyiq altındadır, siyasi fəallar həbs edilir, hakimiyyətin mövqeyini tənqid edən media, QHT qapadılır, fəal jurnalistlər, vətəndaş cəmiyyəti nümayəndələri həbs olunur. Eyni zamanda qonşu Gürcüstanla bağlı da bu cür faktlar mövcuddur. Təəssüf ki, qonşularımızda və digər ölkələrdə olan bu və digər çoxsaylı fakt Avropa Şurasında qeydə alınmır, müzakirəyə çıxarılmır, qətnamələr qəbul olunmur. Açıq-aşkar görünür ki, Avropa Şurası Ermənistanla bağlı məsələlərdə bir mövqedə, Azərbaycanla bağlı isə fərqli mövqedən çıxış edir. Bu da Qərbin standart fəlsəfəsi ilə bağlıdır”.

Z. Məmmədov nəzərə çatdırıb ki, bütün bunlara baxmayaraq, Azərbaycan Avropa, Rusiya və digər vektorlarla münasibətlərin inkişafı üçün səylərini davam etdirəcək: “Azərbaycanın AŞPA-dan çıxması qeyri-rasional addım olar. Azərbaycan daim yumşaq gücdən istifadə etməyi üstünlük verir. Siyasi proseslərdə kimdənsə üz çevirmək, qapıları tamamilə bağlamaq düzgün addım deyil. Siyasət incə oyun oynamağı tələb edir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR