YAP “Vətən müharibəsində möhtəşəm zəfər: Azərbaycanın və regionun gələcəyinə baxış” mövzusunda videokonfrans keçirib

YAP “Vətən müharibəsində möhtəşəm zəfər: Azərbaycanın və regionun gələcəyinə baxış” mövzusunda videokonfrans keçirib
  • Clock-gray 16:51
  • calendar-gray 23 Dekabr 2020

Yeni Azərbaycan Partiyasının (YAP) İcra Katibliyində “Vətən müharibəsində möhtəşəm zəfər: Azərbaycanın və regionun gələcəyinə baxış” mövzusunda videokonfrans keçirilib.

Partiyadan APA-ya verilən məlumata görə, videokonfransda çıxış edən Baş nazirin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov bildirib ki, Azərbaycanın həyatında və tarixində qazanılan möhtəşəm uğurlar hər bir vətəndaşı ürəkdən  sevindirir. 2003-cü ildən etibarən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın həyatında baş verən davamlı inkişaf, iqtisadiyyatın sürətli yüksəlişi, ölkənin müasirləşməsi, simasının kökündən dəyişdirilməsi, Bakıda mötəbər beynəlxalq tədbirlərin keçirilməsi düşünülmüş siyasətin uğurla reallaşmasının nəticələridir.

Baş nazirin müavini söyləyib ki, 44 gün davam edən Vətən müharibəsində qazanılmış tarixi zəfəri qeyd etməmək mümkün deyil. Azərbaycanın Vətən müharibəsində qazandığı zəfər tariximizin ən mühüm hadisələrindən biridir. Bu Qələbə tariximizə qızıl hərflərlə yazılacaq. Məhz bunun nəticəsidir ki, indi hər bir vətəndaşımız azərbaycanlı olmasının qürurunu yaşayır. Bu tarixi Qələbəni müəyyənləşdirən daha bir cəhət onun döyüş meydanında qan bahasına, can bahasına əldə olunmasıdır. Heç şübhəsiz, Azərbaycan bu Qələbəni qazanmaqla öz tarixinin qızıl səhifəsini, şərəf və ləyaqət səhifəsini yazıb.

Əli Əhmədov möhtəşəm zəfərimizin əsas səbəbkarı olan Ali Baş Komandanımız, Prezident, YAP-ın Sədri İlham Əliyevin dekabrın 24-də doğum gününün olduğunu qeyd edərək bu münasibətlə dövlətimizin başçısını təbrik edib, gələcək fəaliyyətində yeni-yeni uğurlar arzulayıb.

Tədbirdə daha sonra xarici işlər naziri Ceyhun Bayramov, Milli Məclis Sədrinin birinci müavini Əli Hüseynli, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı çıxış edib.

Çıxışlarda qeyd olunub ki, Qələbəmizin həlledici amili ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin adı ilə bağlıdır. Dövlət, xalq və ordu o zaman güclü olur ki, ona güclü lider rəhbərlik edir. Bu mənada, bu gün Azərbaycan xalqının böyük coşqu ilə qeyd etdiyi Qələbəmizin baş qəhrəmanı Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevdir. Biz hərb və diplomatiya cəbhəsində Prezident İlham Əliyevin liderliyini, sərkərdəlik nümunəsini gördük. Xalqımızın, dövlətimizin birliyi, dövlətimizin başçısına sonsuz inam bizim Qələbəmizlə nəticələndi. Bütün bunların fonunda, Ermənistan tərəfindən bir neçə il ərzində zəbt olunmuş və 30 il işğal altında qalan torpaqlarımız 44 gün ərzində işğaldan azad olundu.

Natiqlər vurğulayıblar ki, bu Qələbə Azərbaycana sülh gətirməklə yanaşı, Cənubi Qafqazda da sülh və firavanlıq üçün də etibarlı zəmin yaradır. Qazanılan möhtəşəm zəfər Azərbaycanın beynəlxalq müstəvidə mövqelərini daha da gücləndirəcək.

Çıxışlarda Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə  qazanılmış hərbi-siyasi qələbənin Ermənistanın işğalçılıq siyasətinə son qoyduğunu, erməni tərəfinin öz məğlubiyyətini etiraf etdiyi qeyd olunub. Bildirilib ki, qazanılan zəfər Azərbaycanın həm hərbi gücünün, həm də diplomatiyasının mühüm nailiyyətidir. Eyni zamanda, bu hadisə regionun gələcək inkişafında önəmli rol oynayacaq.

Çıxışlarda həmçinin, işğaldan azad edilmiş ərazilərimizin iqtisadi potensialı və bu istiqamətdə gələcəkdə görüləcək işlər barədə fikirlər səsləndirilib. 

Firuzə Vahid

Digər xəbərlər