Aprelin 12-də Tel-Əvivdə Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının təsis qurultayı keçiriləcək

Aprelin 12-də Tel-Əvivdə Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının təsis qurultayı keçiriləcək
# 03 aprel 2007 09:03 (UTC +04:00)
İsrailin Rişon Le Çion şəhərində Azərbaycan icmalarının birləşdirici qurultayına nümayəndələr seçilməsi üçün Koordinasiya Şurasının iclası keçirilib. Bu qurultay əsasında Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyası təsis olunacaq. APA-nın İsrail bürosunun məlumatına görə, toplantıya İsrailin 16 şəhərindən icma nümayəndələri qatılıb. İclasda Azərbaycan icmalarının birləşdirici qurultayına nümayəndələr seçilib, iştirakçıları bu istiqamətdə İsrail Knessetinin üzvü İosif Şaqalın gördüyü işləri təqdirəlayiq hesab ediblər. APA-nın İsrail bürosuna eksklüziv açıqlama verən Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının mərkəz rəhbəri Aleks Şapiro bu qurumun təsis olunmasını İsraildə Azərbaycan diasporunun formalaşması istiqamətində ilk addım adlandırıb: “Diaspor qurumunun formalaşması Azərbaycanla İsrail siyasi, iqtisadi və mədəni əməkdaşlığın inkişafına təkan verəcək”. Qeyd edək ki, gələn həftə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının təsis qurultayında iştirak etmək üçün İsrailə gedəcək. Assosiasiyanın təsis qurultayı aprelin 12-də Tel-Əvivdə keçiriləcək. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR