Dini icmaların rəhbərləri Nicdə qədim kilsələrlə və məscidlə tanış olublar - FOTO - VİDEO

Dini icmaların rəhbərləri Nicdə qədim kilsələrlə və məscidlə tanış olublar - FOTO  - VİDEO
# 17 iyun 2022 19:10 (UTC +04:00)

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə iyunun 17-də ölkəmizdə fəaliyyət göstərən qeyri-müsəlman və müsəlman dini icma rəhbərlərinin Qəbələ rayonu Nic qəsəbəsinə səfəri təşkil edilib.

APA-nın yerli bürosunun xəbərinə görə DQİDK-nın sədr müavini Səyavuş Heydərov, Qafqaz Müsəlmanları İdarəsinin nümayəndələri, həmçinin müsəlman dini icmaların üzvləri, Rus Pravoslav kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının, Azərbaycan Respublikası Katolik kilsəsinin təmsilçiləri, Alban-Udi xristian, Oğuz şəhər Yəhudi, Bakı şəhəri “Alov”, Qax rayonu “Müqəddəs Giorgi” kilsəsi gürcü pravoslav, Sumqayıt şəhəri “Molokan ruhani-xristian”, Bakı şəhəri “Yevangelist Xristian Baptistlərinin kilsəsi” dini icmalarının və Azərbaycan Bəhailər Dini Mərkəzinin sədrləri səfər zamanı Qəbələdə müqəddəs Yelisey adına “Cotari” və müqəddəs Məryəm Ana Kilsələrini, Azərbaycan Udi Ocağını, Nic Yalağaclı məhəllə məscidini və digər dini abidələri ziyarət ediblər.

Qonaqlara məlumat verilib ki, qədim Qafqaz Albaniyasının paytaxtı olan Qəbələnin Nic qəsəbəsindəki Alban kilsələri Heydər Əliyev Fondu tərəfindən əsaslı təmir və bərpa edilərək istifadəyə verilib. Qeyd edək ki, ölkəmizdə tarixən mövcud olmuş multikultural dəyərlər sisteminin – Xristian, İudaizm və İslam kimi üç səmavi dinin, bu dinlərə etiqad edən etnosların dini icmalarının və kilsə, sinaqoq və məscidlərin mövcud olduğu, eləcə də müxtəlif azsaylı xalq və etnik qrupların birgə yaşadığı regionlarımızdan biri də Qəbələ rayonudur. Dünyadakı 10 minə yaxın udinin 4 min nəfəri Qəbələnin Nic qəsəbəsində yaşayır. Tarixi-dini abidələrimizin, o cümlədən məscid, kilsə, sinaqoqların bərpası və yenidən qurulması, yeni ibadət evlərinin inşası Azərbaycan dövlətinin bu sahədə həyata keçirdiyi siyasətin tərkib hissəsidir. Bu siyasətin reallaşdırılmasında Heydər Əliyev Fondu da yaxından iştirak edir.

Qeyd edilib ki, sovet dövründə udilərə öz bayramlarını qeyd etmək qadağan olunmuşdu. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra udilər dini bayramlarını qeyd etməyə başlayıblar. “Cotari“ Udi-Alban Məbədi 2002-ci ildə, Müqəddəs Məryəm Ana Alban Kilsəsi 2020-ci ildə əsaslı təmir və bərpa olunan udilərin istifadəsinə verilib. Hazırda tolerantlığın kiçik modeli hesab edilən Nic qəsəbəsində 3 kilsə, iki məscid var. Hər məhəllədə müsəlman və xristianların ziyarət etdiyi 5 pir mövcuddur. Altı min əhalisi olan qəsəbədə 4 minə yaxın udi yaşayır. Həmçinin Oğuz və Bakıda 300 nəfər udi qeydiyyatdadır. Nicdəki məktəblərin ibtidai siniflərində udi dili tədris olunur, kilsədə dini ayinlər onların ana dilində icra edilir.

Qeyd edək ki, nümayəndə heyətinin üzvləri sabah Oğuz və Şamaxıda məscid və kilsələri ziyarət edəcək, Oğuz şəhərində keçiriləcək “Azərbaycançılıq: dini həmrəylik və birgə yaşayışın qarantı” mövzusunda konfransda iştirak edəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR