Qəbələ rayonunun Nic qəsəbəsində “On il dirçəlişdə” adlı bayram tədbiri keçirilib - FOTO - VİDEO

Qəbələ rayonunun Nic qəsəbəsində “On il dirçəlişdə” adlı bayram tədbiri keçirilib - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 03 avqust 2013 09:47 (UTC +04:00)

APA-nın məlumatına görə, tədbir Alban-Udi kilsəsinin dirçəlişinin 10 illiyinə və Qafqaz Albaniyasında xristianlığın rəsmi dövlət dini kimi qəbul edilməsinin 1700 illiyinə həsr olunub. Qəsəbənin Müqəddəs Yelisey adına Cotari Kilsəsində keçirilən tədbirdə çıxış edən Alban-Udi xristian icmasının sədri Robert Mobili bildirib ki, 170 il bundan əvvəl Rusiya çarı tərəfindən Alban kilsəsi Erməni-Qriqorian Kilsəsinin birbaşa tabeliyinə verilib.

Lakin, udilər öz dili, mədəniyyəti və Alban kilsəsinə etiqadını saxlamaq üçün bu tabeçilikdən imtina edərək kilsəyə getməyiblər və ibadətlərini evlərində ediblər. Sovet dövründə isə dini ibadət prosesi müxtəlif təzyiqlər altında səngiyib və kilsələr başqa məqsədlər üçün istifadə olunub. Nəhayət, Azərbaycan müstəqillik qazandıqdan sonra udilər bu istiqamətdə müəyyən dirçəlişə nail olublar.

Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra udilərin ilk addımı 2003-cü ildə dövlət qeydiyyatından keçməsi olub. Bundan sonra kilsələrin bərpasında və dini ibadətlərin keçirilməsi istiqamətində işlər görülməyə başlayıb. Bu çərçivədə 2003-cü ildə Qafqazın ən qədim kilsələrindən biri olan Şəki rayonundakı Kiş məbədi bərpa olunub, 2006-cı ildə isə Qəbələ rayonunun Nic qəsəbəsində yerləşən 3 xristian məbədindən biri-Müqəddəs Yelisey adına Cotari Kilsəsi bərpa olunub və icmanın istifadəsinə verilib. Qəsəbədə Cotari kilsəsindən başqa, Göy və Bulun kilsələri də var.

Bayram tədbirində Rusiya Federasiyası Volqoqrad vilayəti udi icmasının sədri, professor Riçard Danakari, Gürcüstanın Kvareli rayonunda kompakt halda yaşayan udi icmasının sədri Mamuli Neşumaşvili, Bakı və Azərbaycan Rus Pravoslav Kilsəsinin Arxiyepiskopu Aleksandr Ata, Katolik Kilsənin Azərbaycandakı səlahiyyətli nümayəndəsi Vladimir Fekete, Azərbaycan Respublikası Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev, o cümlədən digər yerli və xarici qonaqlar iştirak ediblər.

Bayram tədbirində çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dini ekspertiza, ictimai əlaqələr və analitik təhlil şöbəsinin müdiri Aqil Şirinov qeyd edib ki, Azərbaycan dövləti ölkənin ən qədim dini konfessiyalarından biri olan Alban-Udi Kilsəsinə hər zaman dəstək verib və Qafqaz Alban irsinin dünyada tanıdılması üçün bir çox tədbirlər həyata keçirib: “Dövlət Komitəsinin son bir ildə bu irsin tanıdılması üçün bir çox işlər görüb. Bu səpkidə fəaliyyətlər gələcəkdə də davam etdiriləcək”.

Daha sonra məlumat verilib ki, Nic qəsəbəsi tolerantlığın kiçik modeli hesab edilir. Qəsəbədə 3 kilsə, iki məscid var. Hər məhəllədə müsəlman və xristianların ziyarət etdiyi 5-6 pir var. Altı min əhalisi olan qəsəbədə 3700 udin yaşayır. Azərbaycanda isə 4000 udin yaşayır ki, onların 300-ü Oğuz və Bakıda qeydiyyatdadır. Dünyada yaşayan udinlərin sayı isə 10 minə yaxındır. Qəsəbədə udinlər öz dilini, dinini, adət-ənənələrini 2500 ildir ki, qoruyub saxlayırlar. Nic qəsəbəsindəki məktəblərin ibtidai siniflərində udin dili tədris olunur.

Tədbir çərçivəsində “10 il dirçəlişdə” adlı foto-sərgi açılıb. Bundan əlavə, qonaqlara Alban-udi kilsənin tarixini əks etdirən müxtəlif nəşrlər təqdim olunub. Bayram tədbiri mədəni proqramla davam edib.

Bu gün axşam bayram çərçivəsində Azərbaycanda dini tolerantlıq nümunəsi olaraq Cotari Kilsəsinin həyətində qəsəbənin müsəlman icması üçün iftar süfrəsi açılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR