Azərbaycan Güləş Federasiyasının prezident əvəzi: “Həmişə belə məqamlarda ermənilər hay-küy salır”

Azərbaycan Güləş Federasiyasının prezident əvəzi: “Həmişə belə məqamlarda ermənilər hay-küy salır”
# 18 iyul 2019 15:37 (UTC +04:00)

"İnanıram ki, güləşçilərimiz Avropa Gənclər Yay Olimpiya Festivalında çox uğurlu çıxış edəcəklər. 18 çəki dərəcəsində gedəcək mübarizədə ən azı 15 medal qazanacağımıza ümid edirəm”.

APA-nın məlumatına görə, bunu Azərbaycan Güləş Federasiyasının prezident əvəzi Namiq Əliyev bu gün keçirdiyi brifinqdə deyib.

İyulun 21-də Bakıda start götürəcək Avropa Gənclərinin Yay Olimpiya Festivalının proqramında güləş də yer alıb. Bu növ üzrə mübarizə iyulun 21-dən 23-dək Heydər Əliyev adına İdman-Konsert Kompleksində gedəcək. Festivalda güləşin 3 növü üzrə yeniyetmələrdən ibarət Azərbaycan yığmaları qüvvəsini sınayacaq. Həm sərbəst, həm yunan-Roma, həm də qadın güləşi üzrə yarışlar 6 çəki üzrə keçiriləcək.

N. Əliyev bildirib ki, qızıl medalların sayının çox olacağına da inanır: “Festival 15-ci dəfə təşkil olunacaq. Təşkilatçı ölkə kimi festivalın proqramına güləşin salınmasına nail olduq. Müəyyən çəkilərlə bağlı problem var idi. Ancaq Dünya Güləş Birliyinin bürosunda təkidlərimiz nəticəsində güləşin hər 3 növü üzrə 6 çəkinin proqrama salınmasına qərar verildi”.

Onun sözlərinə görə, bu il əsas hədəfi Nur-Sultanda keçiriləcək dünya çempionatıdır: “Mundial güləşdə ilk lisenziya verən yarışdır. Bu dəfə lisenziya qazanmaq çətin olacaq. Çünki Olimpiadada hər çəkidə cəmi 16 güləşçi iştirak edəcək. Avropa Oyunlarına tam əsas heyətlə qatılmamışdıq. Bununla belə, komandamız ümumilikdə kifayət qədər uğurlu çıxış etdi. Ölkəmizin əldə etdiyi 5 qızıl medaldan 3-ü güləşçilərdən gəldi. Gələn il Avropa Olimpiya Təsnifat turnirini Bakıda keçirmək istəyirik. Həmişə belə məqamlarda ermənilər hay-küy salır. İndidən Beynəlxalq Olimpiya Komitəsinə yazırlar ki, Bakıda bu yarış keçirilsə, təzyiq altında olacağıq və s. Sentyabrın 13-də UWW-nin İcraiyyə Komitəsinin iclası keçiriləcək. Orada həmin yarışın təşkilatçısı məlum olacaq. Hesab edirəm ki, turnirin keçirilməsini bizə həvalə edəcəklər".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR