Minsk-2019: Azərbaycan samboçuları günü 2 bürünc medalla başa vurublar - YENİLƏNİB-2

Minsk-2019: Azərbaycan samboçuları günü 2 bürünc medalla başa vurublar - YENİLƏNİB-2
# 22 iyun 2019 18:31 (UTC +04:00)

Azərbaycan samboçuları Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında daha bir medal qazanıbıar.

APA-nın Minskə ezam olunmuş əçəkdaşının məlumatına görə, 68 kq çəkidə çıxış edən Emil Həsənov 3-cü yerə yüksəlib.

O, bürünc medal uğrunda qarşılaşmada bolqarıstanlı Martin İvanovu üstələyib. Samboçumuz rəqib üzərində təmiz qələbə qazanıb.

Bu, samboçularımızın Minsk-2019-da ikinci mükafatıdır. Az əvvəl Mehman Xəlilov da bürünc medal uğrunda qarşılaşmada əldə etdiyi qələbə ilə fəxri kürsüyə yüksəlib.

***

Saaat 18:20

Azərbaycan idmançıları Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında daha bir medal qazanıb.

APA-nın Minskə ezam olunmuş əməkdaşının məlumatına görə, samboçu Mehman Xəlilov bürünc medala yiyələnib.

57 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz 3-cü yer uğrunda qaşılaşmada ermənistanlı Maksim Manukyana qalib gəlib. Bu, M.Xəlilova bürünc medal qazandırıb.

Qeyd edək ki, bu medal Azərbaycan yığmasının Minsk-2019-da ikinci mükafatıdır. Bunadək idman akrobatikası üzrə qarışıq cüt gümüş medala yiyələnib.

***

Saat. 16:03

Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında sambo yarışları start götürüb.

APA-nın Minskə ezam olunmuş əməkdaşının məlumatına görə, kişi və qadın samboçular ümumilikdə 9 çəki dərəcəsində 1/4, 1/2 və təsəlliverici qarşılaşmaları keçiriblər.

Bu görüşlərdən sonra Bakı vaxtı ilə saat 18:00-da başlayacaq medallar uğrunda qarşılaşmaların iştirakçıları bəlli olub.

Azərbaycanın 4 idmançısı xalça üzərinə çıxıb. Onlardan üçü kişilərin, biri qadınların mübarizəsində qüvvəsini sınayıb.

Yeganə xanım samboçu Gözəl Zutova (72 kq) 1/4 finalda Kamil Larosa (Fransa), təsəlliverici döyüşdə Lorena-Aleksandra Podelençiyə (Rumıniya) uduzaraq, yarışı başa vurub. Ceyhun Hüseynov (82 kq) da eyni aqibətlə üzləşib. O, öncə gürcüstanlı Besarionu Berulava, ardınca italiyalı Alesio Miçeliyə uduzub.

Digər iki samboçumuz isə məğlubiyyətlə üzləşsə də, bürünc medal şansına malikdir. 1/4 finalda Laslo Jolt-Sokeyə (Rumıniya) qalib gələn Emil Həsənov (68 kq) yarımfinalda Mindia Liluaşviliyə məğlub olub. Təmsilçimiz bürünc medal uğrunda qarşılaşmada bolqarıstanlı Martin İvanovla görüşəcək.

57 kq çəki dərəcəsində mübarizə aparan Mehman Xəlilov 1/4 finalda belaruslu Vladislav Burdza uduzub. İştirakçı sayının 7-yə bərabər olması idmançımıza təsəlliverici qarşılaşmadan azad olmaq imkanı verib. O, bürünc medal uğrunda ermənistanlı Maksim Manukyanla görüşəcək.

***

Saat. 12:09

Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunları davam edir.

APA-nın Minskə ezam olunmuş əməkdaşının məlumatına görə, yarışın ikinci günündə samboçular da mübarizəyə qoşulublar. Azərbaycanın bu növdəki təmsilçilərindən xalça üzərinə birinci Mehman Xəlilov çıxıb. 57 kq çəki dərəcəsində qüvvəsini sınayan təmsilçimiz 1/4 final görüşünə çıxıb. O, Vladislav Buroz (Belarus) ilə qarşılaşıb. M.Xəlilov 1:4 hesabı ilə uduzaraq çempionluq uğrunda mübarizəni dayandırıb. İdmançımız təsəllverici qarşılaşmada qüvvəsini sınayacaq.

Qeyd edək ki, Minsk-2019-a yeddi samboçu ilə yollanan yığmamızın daha üç üzvü bu gün mübarizəyə qoşulacaq. Bunlar Emil Həsənov (68 kq), Ceyhun Hüseynov (82 kq) və Gözəl Zutovadır (72 kq).

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR