Xeyrəddin İvgin: “Azərbaycan türkcəsini sevdirən Nəsiminin şeirləridir” - MÜSAHİBƏ

Xeyrəddin İvgin: “Azərbaycan türkcəsini sevdirən Nəsiminin şeirləridir” - MÜSAHİBƏ
# 06 iyul 2019 15:00 (UTC +04:00)

Türkiyəli ədəbiyyatşünas alim, professor Xeyrəddin İvginin APA-ya müsahibəsi.

- Xeyrəddin bəy, əvvəlcə sizi tanıyaq...

- Əslən samsunluyam. Qazi Təhsil İnstitutu, Anadolu Universiteti Türk Dili və Ədəbiyyatı Bölümü, İngiltərənin The Open University İnternational Extension Kollecinin məzunuyam. Türkiyənin ilk 15 təhsil texnoloqundan biriyəm. Təhsil və Mədəniyyət nazirliklərində məsul vəzifələrdə çalışmışam. Təhsil, şeir, ədəbiyyat, folklor, xalq ədəbiyyatı, tənqid, mədəniyyət, mifologiya, siyasət mövzularında 62 kitabın, 25 elmi məqalənin müəllifiyəm. Ədəbiyyat sahəsi üzrə beynəlxalq mükafatlar almışam. Moskvada iki dəfə qızıl medala layiq görülmüşəm. Bir çox ölkələrin, o cümlədən Azərbaycan Milli Elmlər Akademiyasının fəxri elmi adları ilə təltif olunmuşam. Mərkəzi Ankarada olan Dünya Söz Akademiyasının rəhbəriyəm.

- İmadəddin Nəsimi yaradıcılığını yaxından izləyirsiniz. Nəsimi Türkiyədə necə tanınır?

- Türkiyə ədəbi mühitində əksəriyyət İmadəddin Nəsimini Şamaxıda doğulan Azərbaycan türkü kimi tanıyır. Amma bəzi mənbələrdə Nəsiminin adı, doğum yeri ilə bağlı bir sıra yanlışlıqlar var. Kastamonulu Lətifi onun Bağdad yaxınlığında Nəsim kəndində doğulduğunu, Aşıq Çələbi isə Nəsiminin türkmən soyundan olduğunu yazıb. Amma Bağdad yaxınlığında nə indi, nə də keçmişdə Nəsim adlı bir yerin olması haqda hər hansı məlumata rast gəlinir. İran mənbələrində isə Nəsimini təbrizli və şirazlı kimi təqdim edirlər. Erkən yaşda onun Azərbaycanı tərk etməsi o demək deyil ki, Nəsimi Azərbaycan türkü deyil və ya Şamaxıda doğulmayıb.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin 2019-cu ili Azərbaycanda “Nəsimi ili” elan etməsi, TÜRKSOY-un türkdilli dövlətlərində Nəsimiyə dair tədbirlərin keçirilməsi təqdirəlayiq və qürurvericidir. Yeri gəlmişkən, bu yaxınlarda Qırğızıstanın Oş şəhərində keçirilən tədbirdə Nəsimiyə həsr olunmuş çıxışım olub.

- Türkiyədə Nəsimi adında 3 məşhur şairin olduğu deyilir...

- Seyyid İmadəddin Nəsimini biz Böyük Nəsimi adlandırırıq. Əvvəla onu deyim ki, bütün mənbələrdə İmadəddin Nəsiminin Miladi təqvimlə 1369-cu ildə anadan olması qeyd olunub. Amma Nəsimini işgəncə ilə, dərisinin soyularaq öldürülməsi haqda müxtəlif əfsanələr dolaşır deyə, ölüm tarixi də mənbələrdə fərqli göstərilib. Lakin bütün mənbələrdə onun Hələbdə şəhid edildiyi və Hələbin şimal tərəfində dəfn olduğu qeyd edilir.

Anadoluda, Böyük Nəsimidən başqa sevilən və bilinən bir ələvi-bektaşi ozan da var ki, o Qul Nəsimi olaraq tanınır. Qul Nəsimi də hürufidir və Böyük Nəsimi yolunun yolçusu olub. Onun əsl adı Əlidir. 17-ci əsrin bektaşi şairlərindəndir. Əlində saz, başında keçə papaq, kənd-kənd, oba-oba gəzmiş dərvişdir. O da yaşadığı dövrdə insanlar tərəfindən başa düşülməyib, hər zaman təqiblərə məruz qalıb. Məzarı, hətta ölüm və doğum tarixi də dəqiq bilinmir.

Başqa bir Nəsimi isə 1931-ci ildə Adanada doğulan Nəsimi Çiməndir. O da ələvi-bektaşi ozanıdır. 1984-1987-ci illərdə İsveçdə yaşayıb. 2 iyul 1993-cü ildə Sivasda, Madımak otelində 35 nəfərlə birlikdə yanaraq ölüb.

- Nəsiminin ustadı, hürufiliyin banisi Fəzlullah Nəimi haqqında Türkiyədə hansı məlumatlar var?

- Nəsiminin Fəzlullahla 1394-cü ildə, 25 yaşında ikən tanış olduğu yazılır. Nəimi ilə görüşə kimi Nəsimi mükəmməl təhsil almışdı, ərəbcə, farsca bilirdi, Mövlanə Cəlaləddin Rumi, Əhməd Yəsəvi, Qazi Bürhanəddin kimi mütəfəkkirlərdən, təsəvvüf elmindən xəbərdar idi. Lakin onun yaradıcılığına ən çox hürufiliyin banisi şeyx Fəzlullah Nəimi təsir edib. Nəsimi Nəimini Şirvanda tanıdıqdan sonra, ilahi eşq, batini aləm, ezoterik elmi axtarışlarına cavab tapdığına görə, Nəimini dərindən öyrənməyə başlayır. Fəzlullah işgəncə ilə qətlə yetirilir, bu Nəsimini sarsıda bilmir, o əqidəsindən dönmür.

Nəsimi əvvəl öyrəndiyi təsəvvüf bilgilərini - Həzrəti Əli, Əhli-beyt, on iki imama olan inamını, sevgisini, sədaqətini, İran ədəbiyyatından öyrəndiyi dəyərləri hürufiliyin batini düşüncələri ilə sintez edib özünəməxsus bir bilgi toplumu yaratdı və bu bilgilərini başqalarına da təlqin etməyi öz missiyası hesab etdi. Fəzlullah Nəiminin “Cavidannamə”si də Nəsimi təlimlərinin təməli olub. Türkiyədə Fəzlullah Nəimi və hürufiliklə bağlı çox nəşrlər var.

- Hürufizmin digər təriqətlərdən fərqi nədir?

- Fəzlullah Nəiminin hürufilik təlimini bəziləri din, bəziləri məzhəb, bəziləri isə təriqət adlandırmaqdadır. Amma bütün hallarda hürufilik ezoterik bir sistemdir. Bu doktrinaya görə, hər şey Tanrıdır, hər şey insandır, hər şey 4 ünsür - su, torpaq, od və havadır.

Cəmiyyətin Nəsimiyə də, Nəimiyə də zidd olmasının ən böyük səbəbi hürufilik təliminin əhli-sünnə, şiəliyi kökündən alt-üst etməsi olub. Azərbaycanda bəzi ədiblər deyir ki, hürufilik təriqəti hələ o vaxt müəyyən dövlət dairələrinə nüfuz edib, uğurlu nəticələr əldə olunub, lakin qarşısı alınıb. Tənqidçi Əsəd Cahangir isə bildirir ki, hürufilik bütün dünyaya yayılıb dövlət qurumlarında tətbiq olunsaydı, dünya bambaşqa - daha dinc və daha inkişaf etmiş olardı. Lakin mən düşünürəm ki, hürufilik ideyaları yayılsaydı, bəlkə də biz xaosun içərisində olardıq. Odur ki, bu fikirlərə qatılmıram.

Digər tərəfdən, Nəsimini Azərbaycanda daha çox sevdirən doğma türkcəsində yazdığı şeirlərdir. Dilçi alimlər müasir Azərbaycan türkcəsinin də Nəsimi şeirlərindən qaynaqlandığı, dilin qorunmasında və saflaşmasında xidmətlərinin çox olduğunu bildirirlər. Məhz elə bu səbəbdən də Azərbaycan Milli Elmlər Akademiyası Dilçilik İnstitutu İmadəddin Nəsiminin adını daşıyır.

- Necə düşünürsünüz, hansı amillər Nəsiminin Türkiyədə, Anadoluda sevilməsinə səbəb olub?

- Nəsimi Anadoluda, xüsusən ələvi-bektaşilər tərəfindən çox sevilir. Ələvi-bektaşilərin qəbul etdiyi 7 böyük ulu ozan var ki, onların arasında Nəsimi də var. Onun türkcəsinin gözəlliyi, qəzəllərinin dili sevilməyinin əsas səbəblərindəndir. Nəsiminin müfəssəl türkcə divanı var. Digər tərəfdən, peyğəmbərə, Əliyə, Həsən və Hüseyn şəninə yazılan, Kərbəla faciəsi, on iki imamla bağlı bir çox qəzəlləri var. Bu da ona olan sevgini artırır.

- Bəzi yazıçılar Nəsiminin haqq yolunda şəhid olduğunu deyirlər. Amma bununla bərabər, belə fikirlər də var ki, Nəsimi sözü qılınca çevirdi və bu qılınc da onu kəsdi. Bu fikirlərə münasibətiniz necədir?

- Nəsimi hürufiliyə görə, düşüncələrinə görə dara çəkilib. Anadoluda onun düşüncələri çox da yayılmadı, buna görə Hələbə köçdü və orada həyatını itirdi. Hələbdə şəriət imamlarının fətvası ilə dərisinin soyulduğu, dara çəkilərək qətlə yetirildiyi deyilir. Nəsiminin qətlindən sonra haqqında çoxlu rəvayətlər yaranıb. Nəsimi ölümün gözünə dik baxan, inandığı fikirlərdən vaz keçməyən biridir. Nəsimi həm şair kimi, həm inanc sahibi kimi önəmli şəxsiyyətdir. Çox şairlər onu örnək götürdü, əsərlərinə nəzirələr yazdılar və aradan keçən zamana baxmayaraq, yenə də Nəsimi sevilir. Nəsimi dönməz xarakteri, inancı, inandırmaq bacarığı və düşüncələri ilə bu gün də müasir bir ideya adamıdır. 650 ildir Nəsimi əzmi, inancı, sözünün hikməti ilə insanlığa nümunədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR