Azərbaycan millisi Qətərlə yoldaşlıq oyununu Londonda keçirə bilər

Azərbaycan millisi Qətərlə yoldaşlıq oyununu Londonda keçirə bilər
# 29 yanvar 2021 14:27 (UTC +04:00)

Azərbaycan milli komandasının Qətərlə yoldaşlıq oyunu İngiltərədə keçirilə bilər.

Apasport.az saytının məlumatına görə, bunu AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov deyib.

O bildirib ki, DÇ-2022-nin seçmə mərhələsi zamanı Avropa zonası üzrə A qrupunda yer alan yığmalarla yoxlama matçlarına çıxacaq Asiya təmsilçisi ilə duelin Londonda təşkili nəzərdə tutulsa da, bu, müəyyən problemlərə yol açıb: “Martda bizi çox çətin proses gözləyir. Səfərdə Portuqaliya, evdə Serbiya ilə qarşılaşacağıq. Bunun arasında da Qətərlə oynamalıyıq. İlkin məlumata görə, Qətər oyunlarını Londonda keçirə bilər. Amma Londonda hazırda karantin rejimi var. Bu şəraitdə ora uçmaq bizim üçün çətin olar. Bu barədə də Qətər Futbol Federasiyasına məlumat vermişik. Hər ölkənin öz qaydaları, prosedurları var. UEFA üçün də çətindir. 55 üzv ölkə var, təkcə yığmalar yox, klub yarışları da var”.

Məmmədov yığma üzvlərinin vaksinasiya edilməsi variantına da aydınlıq gətirib: “Peyvənd məsələsində bir az çətinlik var. Çünki orada 21 gün fasilə var. Əvvəlcə birinci peyvənd, 21 gün sonra ikinci peyvənd vurulur. Həkimlərlə bunu danışırıq. Hərdən deyirlər ki, 21 gün ərzində insan özünü daha çox qorumalıdır. Bundan başqa, ölkəmizdə hələlik tibb nümayəndələri peyvənd olunub, daha sonra yaşlı insanlar olacaq. Futbolçularımızı növbədənkənar peyvənd prosesinə salmaq qeyri-etik olar. UEFA-nın qərarı olsa, bunu etməyə məcbur olarıq. Hər ölkədə peyvənd məsələsi fərqlidir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR