Azərbaycan millisinin baş məşqçisi: “Düzgün yolda olduğumuzu düşünürəm”

Azərbaycan millisinin baş məşqçisi: “Düzgün yolda olduğumuzu düşünürəm”
  • Clock-gray 02:30
  • calendar-gray 18 Noyabr 2020

“Bizim üçün vacib oyun idi. Çətin oyun olacağını bilirdik”. 

Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan millisinin baş məşqçisi Canni de Byazi deyib.

İtaliyalı mütəxəssis Millətlər Liqasının VI turunun Lüksemburqla səfər oyunu (0:0) barədə fikirlərini açıqlayıb: “İlk hissədə rəqibin qol vurmaq şansları oldu. Qapıçımıza təşəkkür edirik, bizi real qoldan xilas etdi. Bədavi Hüseynovun zədələnməsi oyun planımızı pozdu. Onun əvəzlənməsindən sonra oyun planımız dəyişdi. Daha yaxşı oyun nümayiş etdirmək istəyirdik. Texniki və taktiki cəhətdən daha yaxşı oynaya bilərdik. Bunun üçün imkanlarımız vardı”.

O bildirib ki, COVID-19 pandemiyası da planlarını pozub: “Qrupun ilk oyununa daha yaxşı hazırlaşa bilmədik. Bu komandanın potensialı var. Futbolçuları inandırmalı və onlarda qalib psixologiyasını formalaşdırmalıyıq. Düzgün yolda olduğumuzu düşünürəm. Nizam-intizamı olan və yeri gələndə aqressiv futbol oynamağı bacaran komandamız var. Mart ayınadək rəsmi oyunlar yoxdur, rəhbərliklə danışmalıyıq. Bəzi təşkilatı işlər görüldükdən sonra yanvar ayının sonu fevralın əvvəlində təlim-məşq toplanışı və iki yoxlama oyunu keçirməyi planlaşdırırıq”.

ApaSport

Digər xəbərlər