Ramin Musayev: "Çempionat dayandırılsa, yenə ilk "dördlük" avrokuboklara gedəcək" - MÜSAHİBƏ

Ramin Musayev: "Çempionat dayandırılsa, yenə ilk "dördlük" avrokuboklara gedəcək" - MÜSAHİBƏ
# 17 dekabr 2020 16:35 (UTC +04:00)

Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayevin apasport.az saytına müsahibəsi

- Premyer Liqanın davam etdirilməsi bəzi klubların ürəyincə deyil. Koronavirusun yayılma sürətinin pik həddə çatdığını nəzərə alsaq, mövsümü sona qədər keçirmək çətin olmayacaq?
- Hər dəfə deyirəm, bizim üçün insanların sağlamlığı hər şeydən vacibdir. Bununla birlikdə iş də lazımdır. Əgər doğrudan da, çempionatı keçirmək mümkün olmasa, sözsüz ki, dayandırarıq. Ancaq hazırda bunu görmürük. Yaranmış uzun fasilədə komandalarda virusa yoluxan futbolçuların sağlamlığı artıq bərpa olunub. İnşallah, dekabrın 20-də XII tur keçiriləcək.

- Ancaq “Sumqayıt”da 10 futbolçuda aktiv yoluxma var və onların karantin müddəti bu gün bitir. Onların növbəti testi neqativ çıxsa belə, növbəti oyuna yetişməyəcəklər. Belə halda hansısa güzəşt ola bilərmi?
- Mənə elə gəlir ki, “Sumqayıt”da 10 aktiv yoluxma yoxdur, onlar müxtəlif vaxtlarda yoluxmuşdular. Komandada 24 futbolçu qeydiyyatdan keçib. Fikrimcə, yetərincə sayda futbolçuları var. Bu gün bütün komandalar test verməlidirlər. Reqlamentə belə bir əlavə etmişdik ki, hansısa komandada 7 və daha çox yoluxma olarsa, onun oyunu təxirə salınacaq.

- Çempionatın tamamlanması üçün format dəyişikliyi baş verə bilərmi?
- Qarşıdakı oyunlardan sonra bir ay boş vaxtımız olacaq. Klublardan maraqlanmışıq, ölkədən getmək və qayıtmaq problem olduğu üçün yanvarın ilk həftəsindən sonra futbolçular Bakıda olmalıdırlar. Əgər lazım olarsa, yanvarın əvvəllərindən və ya ortalarından oyunları davam etdirmək olar. Bildiyiniz kimi, AVRO-2020-nin 4 oyunu Bakıda keçiriləcəyi üçün mayın sonuna qədər çempionatı yekunlaşdırmalıyıq. Bu üzdən Premyer Liqanın vaxtını uzada bilmirik. Lazım olarsa, qanun çərçivəsində oyunları üç gündən bir də keçirərik. Qurumlarımız koronavirusla mübarizədə işlərini düzgün aparırlar. İnanıram ki, tez bir zamanda bunun qarşısı alınar. Bizim üçün insanların sağlamlığı çempionatdan daha vacibdir.

- Məsələn, oyunların 50 faizini keçirdikdən sonra pley-off sistemi ilə və ya hansısa başqa formatla mövsümü yekunlaşdırmaq mümkündürmü?
- Çempionatda pley-off sistemi mümkün deyil. Hər bir komanda eyni sayda oyun keçirməlidir. Elə ötən mövsüm 3-cü dövrədən sonra çempionat dayandırıldı və ilk “dördlük” avrokuboklara yollandı. Buna da heç kim narazılıq bildirmədi. Bu mövsüm də çempionat nə vaxtsa dayandırılarsa və həmin vaxt oyunların sayı hamıda eyni olarsa, o zaman yenə ilk “dördlük” avrokuboklara gedəcək. Yox, hansısa komanda 1-2 oyun az keçirərsə və ehtiyatındakı həmin matçlar nəyisə həll edə bilərsə, onda biz qərar verə bilmərik. Belədə kiminsə haqqına girmiş olarıq.

- İlin son iki turunun təxirə salınması üçün PFL-ə hansısa klubdan müraciət olubmu?
- Müraciət deyəndə, “Sumqayıt” klubu ilə bu barədə söhbət etmişik. Oyunçularla bağlı bir az narahatlıqları var. Bu gün test verəcəklər və bunun nəticəsinə əsasən qərar veriləcək. Təbii ki, minimum 7 futbolçunun testi pozitiv çıxsa, təxirə salınacaq, ancaq hər iki matçın dekabrda keçirilməsi şərti ilə.

- Saytımız verdiyiniz müsahibələrin birində demişdiniz ki, yanvarda yeni turnir keçirmək və mükafat fondu ayırmaq planınız var. Bu variant hələ də gündəmdədir, yoxsa indiki məqamda mümkünsüzdür?
- Sərtləşdirilmiş karantin rejimində rayonlara gediş-gəliş çətinləşib. Hətta işçilərimizi də məzuniyyətə göndərəndə çətinlik çəkirik. Mənə elə gəlir ki, komandalarımız indiki məqamda turnirin əvəzinə çempionat matçlarını keçirməyimizə razı olarlar. Nə qədər imkan var, oyunları tez-tez keçirmək lazımdır. Yanvar-fevral aylarında hava soyuq olur. Buna virus demək də olmur, bu bir bəladır. Bütün dünyanın bu bəladan canını nə vaxt qurtaracağını bilmirik.

- Ölkə kubokunun final matçının yeri dəqiqləşibmi?
- Fikrimcə, bu mövsüm finalı Qarabağda təşkil etmək arzumuzu reallaşdırmaq mümkün olmayacaq. Minalanmış ərazilərin təmizlənməsi, stadionun durumu və bu kimi görüləsi çox işlər var. Hazırda fikrimiz finalı “Sabah” klubunun ev sahibliyi etdiyi “Bank Respublika Arena”da təşkil etməkdir. Çünki stadionun rəhbərliyi ilə söhbət edərkən təklifimizi böyük məmnuniyyətlə qəbul etdilər. Hətta dedilər ki, onlar tərəfdən hər hansı bir köməyə ehtiyac olarsa, onu da etməyə razıdırlar. Açığı, təklifi onların xoş qəbul etmələrindən sonra başqa yerə getmək bir az insafsızlıq olar. Buranı ancaq iki yerə dəyişə bilərəm - ya Gəncə, ya da Qarabağa. Bu gün Qarabağ variantı mümkün deyil, Gəncədə də hazırkı durum buna imkan vermir. Bəlkə sabah hansısa bir qurum Qarabağdakı stadionu öhdəliyinə götürdü, təmir edib, deyəcək “gəl, oyna”. Bundan heç vaxt imtina etmərəm.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR