APOEL-in baş məşqçisi: "Gəlin, şənlənək"

APOEL-in baş məşqçisi: "Gəlin, şənlənək"
  • Clock-gray 00:53
  • calendar-gray 08 Noyabr 2019

“Futbolçularıma görə çox şadam. Çünki 0:1 hesabı ilə uduzanda da onlarda mübarizə əzmini gördük”.

APA-nın məlumatına görə, bunu Kiprin APOEL klubunun baş məşqçisi Tomas Doll deyib.

Almaniyalı mütəxəssis Avropa Liqasının qrup mərhələsinin IV turunun “Qarabağ”la oyunundan sonra 2:1 hesablı qələbəyə şərh verib: “Bunadək APOEL “Qarabağ”la üç dəfə qarşılaşmışdı. Mən baş məşqçi olmamışdan bu stadionda 1:2 hesabı ilə uduzmuşdu. Sonrakı matçlarda isə 2 qələbə və 1 heç-heçəmiz var. Bilirik ki, daha yaxşı oynaya bilərik”.

Kiprdə mətbuat və futbol ictimaiyyəti ilə ciddi problemləri olan T.Doll ilk yarıdakı məzmunsuz oyunla bağlı sərt suala cavab verməkdən imtina edib: “Bu haqda sizinlə danışmaq istəmirəm”.

T.Doll bərabərlik qolunun vaxtında vurulmasına sevindiyini qeyd edib: “Əlbəttə, bərabərlik qolu zamanında gəldi. Təbii ki, bütün qarşılaşma boyu daha yaxşı oynamalı idik. Amma gəlin müsbət məqamlardan danışaq. Dortmund “Borussiya”sı 0:2-dən geridönüş etdi. Futbolçular üçün şadam. Çox çətin görüş idi. Kiprin yeganə komandası bizik. Gəlin, şənlənək. Futbolçular ürəklə oynadılar”.

T.Doll jurnalistlərlə probleminin həlli üçün də addım atıb: “Oyun barədə başqa heç nə demirəm. Amma sonuncu dəfə jurnalistlərə qarşı hörmətsizlik etdiyim üçün üzr istəyirəm. Siz də məni başa düşün. Bizim işimiz ağırdır. Sözlərimə görə bağışlayıb və bu qələbəni bayram edin”.
 

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date