“Qarabağ”ın futbolçusu: “Əgər rəqib İspaniya klubudursa, əlavə stimul da var”

“Qarabağ”ın futbolçusu: “Əgər rəqib İspaniya klubudursa, əlavə stimul da var”
  • Clock-gray 14:23
  • calendar-gray 17 Sentyabr 2019

“Sevilya”yla qarşılaşma xüsusi oyundur. Belə böyük komanda ilə görüş təəssürat yaradır”.

APA-nın məlumatına görə, bunu “Qarabağ”ın ispaniyalı futbolçusu Miçel deyib.

Legioner yarımmüdafiəçi Avropa Liqasının qrup mərhələsinin I turu ərəfəsində İspaniya mətbuatına müsahibə verib. Miçel “Sevilya” ilə oyun öncəsi fikirlərini açıqlayıb: “Əgər rəqib İspaniya klubudursa, əlavə stimul da var. “Sevilya”ya qarşı ilk oyunumu hələ də xatırlayıram. “Xixon”la, sonra isə “Xetafe” ilə bu komandaya qarşı oynamışam. Püşkdən sonra komanda yoldaşlarıma “Sançes Pisxuan”da oynamağın necə gözəl hiss olduğunu dedim. Biz əla komanda ilə qarşılaşacağıq. Əlbəttə, rəqib barədə məlumatlıyıq. Düzdür, “Sevilya”ya yeni oyunçular da gəlib. Lakin rəqabət ab-havası qalmaqdadır. Heç bir komanda təsadüfən La Liqanın lideri olmur. Xulen Lopeteqi bu komandaya öz futbol baxışlarını aşılayıb. “Sevilya” Avropa Liqasının qalibi olmağa namizədlərdəndir”.

Miçel “Sevilya”ya qarşı yaxşı oynamağı mümkünsüz saymır: “Biz 90 dəqiqə konsentrasiyalı oyun nümayiş etdirməliyik. Bilirik ki, çox çətin oyun olacaq. Azərbaycan çempionatında keçirdiyimiz bütün oyunlarda qalib gəlmişik. Klubumuz çox inkişaf edib. Hər il irəli doğru addım atırıq. Neçə ildir çempionluq qazanırıq, Avropada da nəticələrimizi yaxşılaşdırmaq istəyirik. İki il əvvəl “Çelsi”ylə matçları saymasaq, Çempionlar Liqasının qrupunda da yaxşı oynadıq. “Atletiko” ilə iki heç-heçə etdik. Düşünürəm ki, rəqibi təəccübləndirdik. Madrid klubuna qarşı oynamaq xüsusi bir hiss idi. Belə görüşlərdə gözləntilər daha böyük olur. “Sevilya” ilə də belə oynamalıyıq. Üzləşəcəyimiz çətinlikləri bilirik, amma istəyimizə nail olmağın mümkünsüzlüyünü deməməliyik. Ümid edirəm ki, 1/16 finala çıxacağıq. Bu, müsbət nəticə olacaq. Digər rəqiblərimizdən “Düdelanj”la 3 il əvvəl, APOEL-lə bu yay oynamışıq. Onların hər ikisini arxada qoymaq gücündəyik”.

Yarımmüdafiəçi Bakı barədə fikirlərini də bölüşüb: “Bakıda günüm çox yaxşı keçir. Burada tarixi İçərişəhər var. Temperatur 20-25 dərəcədir. Şəhər yüksək Avropa səviyyəsindədir. Yox, azərbaycanca danışa bilmirəm. Yalnız bir neçə söz – “salam”, “sabahın xeyir” kimi sözləri bilirəm. Çox çətindir. İnsanlar çox nəzakətlidir. Burada çox yaxşı yaşayıram”.
 

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date