Hüquq müdafiəçilərinin monitorinqi zamanı məhkumların əksəriyyəti məhkəmələrin ədalətsiz qərarlarından şikayətlənib

Hüquq müdafiəçilərinin monitorinqi zamanı məhkumların əksəriyyəti məhkəmələrin ədalətsiz qərarlarından şikayətlənib
# 15 dekabr 2006 12:07 (UTC +04:00)
“Məhkumların Qobustan Qapalı Həbsxanasında saxlanılması məqsədəuyğun deyil. Çünki həbsxana heç bir standartlara cavab vermir”. APA-nın məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə deyib. Bununla yanaşı, hüquq müdafiəçisi məhkumların saxlanılması üçün digər həbsxananın olmadığını, eyni zamanda orada aparılan islahatlar nəticəsində məhkumlarla həbsxana əməkdaşları arasında münasibətlərin normallaşdığını, məhkumların saxlanma şəraitinin nisbətən yaxşılaşdığını nəzərə alaraq 5 ballıq qiymətləndirmə sistemi ilə həbsxanadakı vəziyyəti 4 balla qiymətləndirib. Ç. Qənizadə ədliyyə naziri yanında fəaliyyət göstərən İctimai Komitənin Qobustan Qapalı Həbsxanasında apardığı monitorinqin nəticələrini açıqlayaraq qeyd edib ki, məhkumların əksəriyyətinin şikayəti məhkəmələrin ədalətsiz qərarları, şikayətlərinə yuxarı instansiyalarda baxılmaması ilə bağlı olub: “Əsas şikayət ölüm cəzası ömürlük azadlıqdan məhrumetmə ilə əvəzlənmiş məhkumlardan idi. Onlar cəzalarının 15 ilə endirilməsini tələb edirlər. Hesab edirəm ki, Konstitusiya Məhkəməsi bu məsələyə xüsusi qiymət verməlidir. Konstitusiya Məhkəməsi çıxardığı qərarla problemin həllini birinci instansiya məhkəmələrinin üzərinə qoyub. Bu, düzgün yanaşma deyil”. Monitorinq zamanı həbsxananın xəstəxanasında vərəmli məhkumlarla digərlərinin bir yerdə saxlanılması, yeməklərin olduqca keyfiyyətsiz, mətbəxin şəraitsiz olması, zibillərin həbsxananın həyətində kortəbii yandırılması, bəzi əməkdaşlarla məhkumlar arasında narazılıqların baş verməsi, dərman preparatlarının çatışmazlığı, psixiatrın olmaması və digər nöqsanlar aşkarlanıb. Ç. Qənizadə bildirib ki, Qobustan həbsxanasında cəza çəkən məhkumlara televiziyaya baxmaq imkanı yaradılmalıdır. Bunun üçün hüquq müdafiəçiləri əlaqədar instansiyalara müraciət ediblər. İctimai Komitənin hesabatı dekabrın 18-də ədliyyə nazirinə təqdim olunacaq. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR