Misir Mərdanov: “Azərbaycanda orta məktəb məzunlarının yalnız 5-8 faizi təhsilini peşə məktəbində davam etdirmək istəyir”

Misir Mərdanov: “Azərbaycanda orta məktəb məzunlarının yalnız 5-8 faizi təhsilini peşə məktəbində davam etdirmək istəyir”
# 19 dekabr 2006 10:17 (UTC +04:00)
Təhsil Nazirliyi və UNESCO-nun imzaladığı əməkdaşlıq memorandumu çərçivəsində “YUNEVOC (BMT-nin Peşə Təhsili üzrə Bürosunun Şəbəkəsi) vasitəsilə peşə təhsilinin inkişafı” mövzusunda iki günlük beynəlxalq seminar keçirilir. Seminarda MDB ölkələri və UNESCO-nun peşə təhsili sahəsində qabaqcıl ekspertləri iştirak edir. APA-nın məlumatına görə, təhsil naziri Misir Mərdanov seminardakı çıxışında hazırda Azərbaycanda 107 texniki peşə müəssisəsinin fəaliyyət göstərdiyini, onlardan 47-nin peşə litseyi, 60-nın isə peşə məktəbi olduğunu bildirib. Onun sözlərinə görə, bu məktəblərdə 101 peşə üzrə 23146 şagird təhsil alır və 4251 mühəndis pedaqoji işçi çalışır. Nazir deyib ki, texniki-peşə müəssisələrinin bina şəraiti, maddi-texniki bazası beynəlxalq tələblərə cavab vermir, bu məktəblər üçün son 20 ildə avadanlıq, texnika və digər vasitələr alınmayıb: “Bəziləri narazılıq edərək deyirlər ki, peşə məktəblərinin məzunlarını işə götürmürlər. Əgər bizim məzunlar həmin sahədə işlədilən avadanlıqların üzünü görməyiblərsə, onları kim işə götürər?” M. Mərdanov ABŞ-ın Beynəlxalq Əməkdaşlıq Bankının Azərbaycandakı texniki peşə müəssisələrinin 87 faizini əhatə edən araşdırmalarının nəticələrini də açıqlayıb. Araşdırmalar nəticəsində məlum olub ki, bu məktəblər üçün lazımi qədər maliyyə vəsaiti ayrılmır, pedaqoji heyətin bilik və bacarıqları lazımi səviyyədə deyil, təcrübə keçmək üçün lazımi şərait yaradılmır. M. Mərdanov bildirib ki, son illər dövlət büdcəsindən bu sahəyə ayrılan maliyyə vəsaiti artırılsa da, bu, yenə kifayət etmir. Texniki peşə müəssisələrinin 69 faizində 14000-dək məcburi köçkünün məskunlaşdığını deyən nazirin sözlərinə görə, Azərbaycanda orta məktəb məzunlarının yalnız 5-8 faizi təhsilini peşə məktəbində davam etdirmək istəyir. Bunu yaxşı hal hesab etməyən M. Mərdanov texniki peşə müəssisələrinin inkişafı üçün bəzi təkliflər hazırladıqlarını da söyləyib. O qeyd edib ki, bunun üçün ilk növbədə texniki peşə müəssisələri ilə bağlı normativ hüquqi baza təkmilləşdirilməli, texniki peşə təhsili üzrə milli strategiya hazırlanmalı, mövcud təhsil müəssisələrinin maddi-texniki bazası gücləndirilməlidir. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR