Azərbaycanda nərə balığı satan şəxslər saxlanılıb - VİDEO

Azərbaycanda nərə balığı satan şəxslər saxlanılıb - VİDEO
  • Clock-gray 12:38
  • calendar-gray 26 Dekabr 2020

Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsinin Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birgə paytaxt ərazisində, eləcə də Respublikanın digər bölgələrində yol kənarında, küçədə icazələri olmadan balıq satışı ilə məşğul olan şəxslərə qarşı mütəmadi olaraq profilaktik tədbirlər həyata keçirir.

Daxili İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, sonuncu belə tədbir zamanı Xəzər dənizində ovlanması qəti qadağan edilən nərə cinsli balıqların satışı ilə məşğul olan iki nəfər – Rüfət Əliyev və Hacıağa Aslanov müəyyən edilib. Polis əməkdaşları tərəfindən həmin şəxslərə məxsus obyektlərə baxış zamanı xeyli miqdarda nərə cinsli balıq aşkar olunaraq götürülüb. Araşdırma zamanı bu şəxslərin müvafiq icazələri olmadan nərə cinsli balıqların qeyri-qanuni satışını təşkil etdikləri məlum olub. Polis İdarəsində hər iki şəxs barəsində qanunla nəzərdə tutulan qaydada tədbir görülüb.

Qeyd edək ki, Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən balıqçılıqla məşğul olan şəxslərin bir daha diqqətinə çatdırılır ki, Asan Xidmət Mərkəzlərində dövlət rüsumu ödəməklə müəyyən edilən qaydalarda və ovlanması qadağan edilməyən balıq növlərini tutmaq mümkündür. Dənizdə, su hövzələrində tor qurmaq və elektrik avadanlıqlarından istifadə etməklə balıq tutmaq isə qadağan olunub.

Qeyri-qanuni balıqçılıq və ovçuluq fəaliyyəti ilə məşğul olan, qanunsuz ov alətlərindən istifadə edən şəxslərə qarşı Cinayət və İnzibati Xətalar Məcəllələrində nəzərdə tutulan qaydada cəza, eləcə də cərimələr tətbiq edilir.

Həmçinin Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən dənizin sahil hissələrindən balıqqulağı, dəniz qumları, çay kənarlarından çınqıl daşları, həmçinin dənizin dibi ilə çəkilən dəmir boru kəmərləri və müxtəlif təyinatlı naqilləri kəsib satışını təşkil edən şəxslərə qarşı da ciddi mübarizə tədbirləri davam etdirilir. Bununla yanaşı idarənin xidməti əraziləri olan “Qızılağac”, “Sarısu” və digər dövlət qoruqlarında baş verə biləcək neqativ halların qarşısını almaq üçün də ayıq-sayıq xidmət təşkil edilib.

Sonda vətəndaşlardan Xəzər dənizində, su hövzələrində və qoruqlarda, eləcə də milli parklarda hər hansı bir qanun pozuntusu ilə rastlaşdıqları halda Su Nəqliyyatında Polis İdarəsinin 012-433-38-12 və 012-433-38-02 nömrələrinə zəng edərək məlumat vermələri xahiş edilir. 

apa-logo-mini

Digər xəbərlər