“Nəqliyyat könüllüləri” proqramının məzunları ilə vida görüşü keçirilib

“Nəqliyyat könüllüləri” proqramının məzunları ilə vida görüşü keçirilib
# 17 fevral 2021 15:45 (UTC +04:00)

“Nəqliyyat könüllüləri” proqramının məzunları ilə onlayn görüş keçirilərək proqamın ötən il üzrə hesabatı dinlənilib və bu ilin yeni tədbirlər planı təqdim edilib.

Bakı Nəqliyyat Agentliyindən APA-ya verilən məlumata görə, agentliyin aparat rəhbəri Gülşən Rzayeva bildirib ki, bu gün gənclər siyasəti müstəqil Azərbaycan dövlətinin fəaliyyətinin ən mühüm istiqamətlərindən biridir: "Pandemiya dövründə könüllülərimiz tərəfindən vətəndaşların maarifləndirilməsi və əks epidemik tədbirlər mütəmadi olaraq davam etdirilib. Ötən il zəfər ili kimi hamımızın yaddaşında əbədi qalıb. Qarabağın azadlığı uğrunda 44 gün davam edən Vətən müharibəsində ön və arxa cəbhədə vətənpərvər gənclərimiz şərəflə mübarizə aparıb. Bu gün Vətən müharibəsində könüllü şəkildə iştirak edən 2 nəfər nəqliyyat könüllümüz də bizimlədir və sağ salamat geri qayıdıblar. Biz könüllülərimizə daim dəstəyik. Sevindirici haldır ki, proqramda uğur qazanmış 13 könüllü bu gün bizim əməkdaşlarımızdır. Hazırda Agentlikdə rəhbər vəzifələrdə çalışan əməkdaşlarımızın 37 %-i gəncdir. Gənc əməkdaşlar Bakı şəhərinin mobilliyi, əlçatanlığı və təhlükəsizliyi istiqamətində gördüyümüz işlərdə fəal iştirak edirlər və öz müasir yanaşmalarını tətbiq edə bilirlər. İnanıram ki, təcrübə proqramı müddətində lazımi bilik və bacarıqlar əldə etmisiniz və bu bacarıqlar sizin həyatınıza, karyera fəaliyyətinizə təsir edəcək kifayət qədər önəmli məqamlardan biridir. Bu gün 2020-ci il üzrə proqramı başa vuran məzunlarımızı yola salırıq. Lakin yaddan çıxarmayaq ki, bu günün könüllüsü sabahın mütəxəssisi və cəmiyyətin aparıcı qüvvəsidir".

Sonra proqramın koordinatoru Nahid Quliyev hesabatı təqdim edib. İl ərzində fəal olan könüllülər əldə etdikləri təcrübələrdən danışıblar.

Qeyd edək ki, 2020-ci il üzrə 176 nəfər könüllü proqrama müraciət edib, 144 nəfər onlayn müsahibədə iştirakçı olub. 60 nəfər proqrama seçilib, 36 məzun adını qazanaraq sertifikatla təltif edilib, 3 könüllü işlə təmin edilib, 2 könüllü Vətən müharibəsində iştirak edib, 15 könüllü pandemiya dövründə fəaliyyətinə görə Prezident Administrasiyası tərəfindən sertifikatla təltif edilib. "Könüllülər ili"ndə fəal olan 4 nəqliyyat könüllüsü "ilin könüllüsü" seçilib. 30 nəfər könüllü hazırda BNA-nın fəaliyyətində aktiv iştirak edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR