Şəkidə çörək sexində partlayış zamanı xəsarət alan şəxsin vəziyyəti orta-ağırdır - YENİLƏNİB-1

Şəkidə çörək sexində partlayış zamanı xəsarət alan şəxsin vəziyyəti orta-ağırdır - YENİLƏNİB-1
  • Clock-gray 21:31
  • calendar-gray 28 Noyabr 2019

Şəkidə çörək sexində baş verən partlayış zamanı xəsarət alan qadının vəziyyəti orta ağırdır.

APA xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin yaydığı məlumatda deyilir.

Bildirilir ki, kürək və hər iki qolun yanığı diaqnozu ilə Şəki MRX-ya çatdırılan qadının bədənindəki yanıqlar 2 və 3-cü dərəcəlidir. Ona lazımi tibbi yardım göstərilib, müalicəsi davam edir.

***

Saat 17:11

Fövqəladə Hallar Nazirliyi Şəkidə baş verən partlayışla bağlı məlumat yayıb.

APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, Şəki şəhərində ümumi sahəsi 1000 m2 olan, bir dam altında tikilən obyektlərdən sahəsi 60 m2 olan çörəkbişirmə sexində yanğınla nəticələnən partlayış baş verib. Partlayış dalğasının təsirindən sexin pəncərə şüşələri dağılıb. Hadisə zamanı 1 nəfər xəsarət alıb. Bitişik tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

İlkin ehtimala görə, partlayışa qaz sızması səbəb olub.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

***

Saat 16:12

Şəkidə çörək sexində partlayış baş verib.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə günorta saatlarında Şəki şəhəri 20 yanvar küçəsində fəaliyyət göstərən, ümumi sahəsi 1500 kvadrat metr olan çörək sexində qeydə alınıb.

İlkin məlumata görə, partlayış nəticəsində çörək sexində çalışan 1961-ci il təvəllüdlü Məlahət Məmmədova yanıq xəsarətləri alıb, yaralı Şəki Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Partlayışa qaz sızmasının səbəb olduğu bildirilir.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Şəki Yanğından Mühafizə Hissəsinin texnika və canlı qüvvəsi cəlb edilib.

Aidiyyəti qurumlar tərəfindən hadisə yerində araşdırma aparılır.

Vüqar Heydərov

Digər xəbərlər

Arxiv

date