Azərbaycanlı xilasedicilər Türkiyənin zəlzələ bölgəsində 147 nəfərin meyitini dağıntılar altından çıxarıb

Turqay Abbaslı

© APA | Turqay Abbaslı

# 09 fevral 2023 12:38 (UTC +04:00)

Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları Türkiyənin Kahramanmaraş şəhərində zəlzələnin fəsadlarının aradan qaldırılması istiqamətində axtarış-xilasetmə əməliyyatlarını davam etdirir.

APA-nın Türkiyəyə ezam olunan əməkdaşı Səlcuq Elçin xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında FHN-in İctimaiyyətlə əlaqələr idarəsinin baş məsləhətçisi Turqay Abbaslı deyib.

O bildirib ki, Fövqəladə Hallar Nazirliyinin 725 nəfər şəxsi heyəti əraziyə cəlb edilib:

“Gələn heyətdən 41-i tibbi personaldır. Artıq bir neçə gündür Fövqəladə Hallar Nazirliyinin əməkdaşları Kahramanmaraş şəhərində axtarış-xilasetmə əməliyyatlarını həyata keçirir. İndiyədək 8-i uşaq olmaqla 37 nəfəri sağ, 147 nəfərin meyiti isə dağıntılar altından çıxarılıb”.

Turqay Abbaslı qeyd edib ki, Azərbaycandan çoxlu sayda humanitar yardım, o cümlədən çadırlar, dərman preparatları Türkiyəyə gətirilib.

“Mobil səhra hospitalı Kahramanmaraşda qurulub və fəaliyyətə başlayıb", - FHN əməkdaşı əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR