BDU rektorunun müşaviri və komendant onları bıçaqlayan şəxsdən şikayətçi olmayıb

Bakı Dövlət Universiteti

© APA | Bakı Dövlət Universiteti

# 23 dekabr 2021 17:30 (UTC +04:00)

Bakı Dövlət Universitetinin (BDU) rektor müşavirini və komendantını bıçaqlayan İsmixan Mirzəyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın xəbərinə görə, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İlham Mahmudovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı başlayıb. Prokuror ittiham aktını elan edib. İttihama münasibət bildirən İ. Mirzəyev özünü təqsirli bildiyini deyib. O, ifadəsində bildirib ki, 11 il BDU-da çalışıb.

Əvvəllər təsərrüfatın maşınını sürdüyünü, sonra sexdə çalışdığını deyən İ. Mirzəyev qeyd edib ki, universitet rəhbərliyi dəyişəndən sonra maaşı 600 manatdan 400 manata endirilib. Təqsirləndirilən şəxs deyib ki, iki il ərzində dəfələrlə müraciət etsə də, şikayətinə baxılmayıb. O, rektorun qəbuluna düşə bilmədiyini, bir müddət sonra isə işdən çıxarıldığını öyrəndiyini bildirib.

İ. Mirzəyev sonuncu dəfə BDU rektorunun maliyyə işləri üzrə müşaviri Mirzə Mirzəyevlə görüşməyə qərar verdiyini deyib: “Mirzə müəllimə dedim ki, iki ildir mənə söz verirsiz ki, maaşım qalxacaq. Bir anlıq orda özümü itirdim. Həyəcanlandım, bıçaqla onu vurdum. Həmin vaxt otağa Şahlar girdi. Özümdə deyildim, üzərimə gəldi ki, bizi ayırsın, onu da bıçaqla vurdum. Otaqdan çıxdım. Həmin vaxtı universitetdə imtahan günü idi. İmtahan günlərində təcili yardım da universitetə gəlirdi. Onlara yuxarıda yaralıların olduğunu dedim və taksiyə minib getdim. Əməlimdən peşmanam, lakin mən iki il maaşımın azalmasına dözdüm. İmkanım yox idi, borclarım çox idi".

Prosesdə daha sonra zərərçəkmiş şəxs qismində BDU rektorunun maliyyə işləri üzrə müşaviri Mirzə Mirzəyev dindirilib.

O bildirib ki, təqsirləndirilən şəxs ona maliyyə problemləri olduğunu deyib: “2020-ci ildə yenidən yanıma gəldi. Bildirdi ki, maaşı azaldılıb. Araşdırdım, məlum oldu ki, rəhbərlik dəyişən ərəfədə onu başqa ştata keçiriblər, maaşı azaldılıb. Bununla bağlı razılıq ərizəsi yazıb. Ona dedim ki, struktur dəyişikliyi olan zaman ştatlar açılacaq, o vaxt başqa işə keçmək şansı olar. Oğlu ilə də yaxşı münasibətim var, bizdə təminat şöbəsində çalışırdı. Bir müddət sonra İsmixan şöbə müdiri ilə yenə yanıma gəlmişdi. Rektorun qəbuluna düşmək istəyirdi. Deyirdi fəhlə işləmək istəmir. Dedim məsələni prorektora danışsın. Hadisə günü göz həkimindən gəlirdim. Yanıma gəldi. Ayaq üstəydim. Əlində sənədlər vardı. Dedi ki, ona aşağıdan deyiblər işdən çıxmalıdır. Bildirdim ki, məsələdən xəbərim yoxdur. Bu zaman yaxınlaşdı və qəfildən bıçaqla məni vurdu. Heç gözləmirdim. Sonra Şahlar içəri girdi, onu da vurdu. Sonrasından xəbərim olmadı. Mənə indiyə qədər təəccüblü gəlir ki, məni niyə bıçaqladı".

M. Mirzəyev təqsirləndirilən şəxsə qarşı hər hansı iddiasının və şikayətinin olmadığını deyib.

Digər zərərçəkən Şahlar Bəgalıyev 1993-cü ildən universitetdə komendant işlədiyini deyib və hadisə günündən danışıb. Bildirib ki, həmin gün M. Mirzəyevin otağına gedib, içəri girəndə görüb ki, o, İsmixanı itələyir: "Yaxınlaşıb ayırmaq istədim. İsmixana yaxınlaşanda məni də bıçaqladı. Əvvəl yaxınlaşanda onun əlində bıçağı görməmişdim. Məni bıçaqlayandan sonra elə bil ayıldı. Qaçaraq çıxıb getdi".

Ş. Bəgalıyev də şikayətçi olmadığını deyib.

Daha sonra prosesdə məhkəmə istintaqının başa çatdığı elan olunub. Prokuror çıxış üçün məhkəmədən vaxt istəyib.

Proses yanvarın 21-də davam etdiriləcək.

Qeyd edək ki, bu ilin iyul ayının 27-də Bakı Dövlət Universitetinin əsas korpusunda universitetin təsərrüfat şöbəsində fəhlə işləyən İsmixan Mirzəyev rektorun maliyyə məsələləri üzrə müşaviri Mirzə Mirzəyev və komendant Şahlar Bəgalıyevə bıçaqla xəsarət yetirib.

Hadisəni törətməkdə təqsirli bilinən İsmixan Mirzəyev hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Yasamal Rayon Məhkəməsinin qərarı ilə İ.Mirzəyev Cinayət Məcəlləsinin 126-cı (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə təqsirli bilinərək barəsində həbs-qətimkan tədbiri seçilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR