Ukrayna prezidenti Volodimir Zelenski Rusiya ilə 2026-cı ilin sonunadək razılaşma əldə etmək üçün ümidin olduğunu bildirib.
APA xəbər verir ki, Zelenskinin sözlərinə görə, Əbu-Dabidə Ukrayna, Rusiya və ABŞ nümayəndələrinin iştirakı ilə keçirilən danışıqlarda mənfi məqamlar olmayıb.
O qeyd edib ki, ABŞ nümayəndələri Rusiya Prezidenti Vladimir Putinə konkret təkliflərlə yollanıblar və Ukrayna tərəfi onların Dublin görüşünə də konkret təkliflərlə qayıtmasını istəyir.
“Buna çox inanmıram, skeptik olmağa icazə verin. Amma yenə də ümid var”, – deyə Zelenski bildirib.
O, danışıqlarda irəliləyiş əldə etməyin mümkün olduğunu vurğulayıb. Prezidentin sözlərinə görə, bu, böyük ölçüdə ABŞ nümayəndə heyətinin noyabrın 12-də Putinlə keçirəcəyi görüşün formatından asılı olacaq.
Zelenski əlavə edib ki, gələn il Avropa və ABŞ-da baş verəcək siyasi dəyişiklikləri nəzərə alaraq, danışıqlar tərəfləri nəticəyə məhz 2026-cı ilin sonunadək nail olmaq istəyirlər. O, Ukraynanın bu məqsədə çatmaq üçün əlindən gələni edəcəyini bildirib.