“Mingəçevir” futbol klubunu daşıyan avtobus İsmayıllı-Şamaxı yolunda qəzaya uğrayıb, 2 nəfər xəsarət alıb - YENİLƏNİB-2 - FOTO

“Mingəçevir” futbol klubunu daşıyan avtobus İsmayıllı-Şamaxı yolunda qəzaya uğrayıb, 2 nəfər xəsarət alıb - YENİLƏNİB-2  - FOTO
# 07 mart 2023 16:33 (UTC +04:00)

TƏBİB “Mingəçevir” futbol klubunu daşıyan avtobusun yük maşını ilə toqquşması nəticəsində xəsarət alanlarla bağlı məlumat yayıb.

Qurumdan APA-nın sorğusuna cavab olaraq bildirilib ki, hadisə nəticəsində TƏBİB-in tabeliyindəki tibb müəssisələrinə 2 nəfər (kişi) müxtəlif dərəcəli bədən xəsarətləri ilə yerləşdirilib.

Onlara bud sümüyünün sınığı, döş qəfəsinin qapalı travması diaqnozları qoyulub və zəruri tibbi xidmətlər göstərilib. Hazırda müalicələri davam etdirilir.

***

14.37

“Mingəçevir” futbol klubunu daşıyan avtobusun yük maşını ilə toqquşması nəticəsində iki nəfər xəsarət alıb.

APA-nın yerli bürosu xəbər verir ki, xəsarət alanlar - yük maşınının sürücüsü, 1949-cu il təvəllüdlü Məmmədov Əflatun Abdulla oğlu və 1968-ci il təvəllüdlü Qarayev Zaur Ələş oğlu xəstəxanaya yerləşdirilib.

***

13.59

“Mingəçevir” futbol klubunu daşıyan avtobus yük maşını ilə toqquşub.

APA-nın Şirvan bürosu xəbər verir ki, hadisə günorta saatlarında, İsmayıllı-Şamaxı avtomobil yolunun Muğanlı ərazisindəki dolayda qeydə alınıb.

İlkin məlumata görə, avtobusla yük avtomobilinin toqquşması nəticəsində 3 nəfər xəsarət alıb. Onlar xəstəxanaya çatdırılıb.

***

13.42

Bu gün “Mingəçevir” futbol komandası I Divizionun 20-ci turu çərçivəsində “Şamaxı” ilə səfər oyununa gedərkən yolda avtomobil qəzasına uğrayıb.

PFL-dən apasport.az saytına verilən məlumata görə, futbolçular və rəhbərlik heyəti arasında xəsarət alanlar olsa da, həyatını itirən yoxdur.

Bu fors-major hal nəzərə alınaraq, bu günə nəzərdə tutulan “Şamaxı-2” – “Mingəçevir” görüşü təxirə salınıb. Oyunun nə vaxt keçirilməsi ilə bağlı əlavə məlumat veriləcək.

İlham Əhmədov

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR