Vilyam Hacıyevin vəkili ekspert rəylərinə görə məhkəməyə mütəxəssis çağırılmasını istəyib

Vilyam Hacıyev

© APA | Vilyam Hacıyev

# 10 iyun 2022 14:42 (UTC +04:00)

İmişlinin sabiq icra başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə keçirilən iclasda iş üzrə sənədlərin tədqiqi aparılıb.

Sənədlərin tədqiqi zamanı məktəblərdə, bağçalarda və digər qurumlarda aparılan maliyyə yoxlamalarının nəticələri elan olunub.

Vilyam Hacıyevin vəkili Elmar Kərimov ekspert rəyləri əsasında hazırlanmış aktlara etiraz edib. Müdafiəçi ekspert rəylərində bir detala diqqət çəkərək bildirib ki, yoxlama nəticəsi kimi göstərilən bəzi yekun rəqəmlərdə anlaşılmazlıqlar var: "Rəydə yazılır ki, görülmüş iş üzrə 4 milyon 483 min və ya 898 min manat vəsait xərclənib. "Və ya" nə deməkdir, hansı rəqəm doğrudur? Burda müvəkkilimin taleyi həll olunur, ekspertin rəyi dəqiq olmalıdır".

Vəkil qeyd olunan məsələ ilə bağlı məhkəməyə maliyyə mütəxəssisi dəvət olunmasını xahiş edib: "Hörmətli sədr, nə siz, nə də mən mütəxəssisik. Xahiş edirəm məhkəməyə maliyyə mütəxəssisi gətirilsin".

Həkim Azər Paşayev növbəti proseslərdə bununla bağlı qaldırılacaq vəsatətə münasibət bildiriləcəyini deyib.

Proses iyunun 13-də davam etdiriləcək.

Xatırladaq ki, Vilyam Hacıyev Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla saxlanılıb.

Sabiq icra başçısı Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (rüşvət alma (passiv rüşvətxorluq, külli miqdarda törədildikdə) 313-cü (vəzifə saxtakarlığı) və 228-ci (qanunsuz silah saxlama) maddələri ilə ittiham olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR