Yevlaxda 4 polis əməkdaşının olduğu xidməti maşın Kür çayına düşüb, həlak olan 1 polisin meyiti tapılıb - YENİLƏNİB-3 - VİDEO

Yevlaxda 4 polis əməkdaşının olduğu xidməti maşın Kür çayına düşüb,  həlak olan 1 polisin meyiti tapılıb - YENİLƏNİB-3  - VİDEO
# 17 iyul 2022 14:20 (UTC +04:00)

Kür çayının Yevlax şəhəri ərazisindən keçən hissəsində batan 1997-ci il təvəllüdlü Məmmədov Kamran Azər oğlunun axtarışları başa çatıb.

APA-nın Fövqəladə Hallar Nazirlyinin saytına istinadən verdiyi xəbərə görə, Kamran Məmmədovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

***

saat12.55

"Fiat" markalı xidməti avtomobilin çaya düşməsi nəticəsində boğulan Yevlax Rayon Polis Şöbəsinin əməkdaşı, polis serjantı Kamran Məmmədovun meyiti tapılıb.

APA-nın xəbərinə görə, meyit adiyyatı üzrə təhvil verilib.

***

saat 11.48

Bu gün səhər 06:30 radələrində içərisində 4 nəfər Yevlax Rayon Polis Şöbəsinin əməkdaşı olan "Fiat" markalı xidməti avtomobil Kür çayına aşıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan APA-ya bildirilib ki, hadisə nəticəsində polis serjantı Kamran Məmmədov həlak olub.

Meyitin çaydan tapılaraq çıxarılması istiqamətində tədbirlər davam etdirilir. Avtomobildə olan digər polis əməkdaşlarının həyatı üçün təhlükə yoxdur.

***

saat 10.13

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Yevlax şəhəri ərazisində içərisində 1 nəfərin olduğu "Fiat" markalı minik avtomobilinin Kür çayına düşməsi barədə məlumat daxil olub.

APA-nın FHN-in saytına istinadən verdiyi xəbərə görə, hadisə yerinə FHN-nin Aran Regional Mərkəzinin xilasediciləri və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub.

Əlavə məlumat veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR