Vətən Müharibəsinin iştirakçıları: Ərazini azad etdikdən sonra oranın strateji əhəmiyyətini gördükdə heyrətə gəlirdik - MÜSAHİBƏ

Hərbi Dəniz Qüvvələrinin 3-cü dərəcəli kapitanı Qədirov Orxan, Quru Qoşunları mayoru Məmmədov Həmid, Tibb xidməti leytenantı Əliyev Orxan

© APA | Hərbi Dəniz Qüvvələrinin 3-cü dərəcəli kapitanı Qədirov Orxan, Quru Qoşunları mayoru Məmmədov Həmid, Tibb xidməti leytenantı Əliyev Orxan

# 26 sentyabr 2022 13:29 (UTC +04:00)

APA Vətən Müharibəsi iştirakçılarının müsahibəsini təqdim edir:

Hərbi Dəniz Qüvvələrinin 3-cü dərəcəli kapitanı Qədirov Orxan

44 günlük Vətən Müharibəsinin gedişində və sonra həm erməni, həm də dünya mediasında düşmənin qorxulu yuxusuna çevrilən “qara paltarlılar”dan danışılırdı. Mədəniyyət Nazirliyinin dəstəyi ilə çəkilən və “Azərbaycanfilm” kinostudiyasında istehsal olunan “Görünməyən qəhrəmanlar” sənədli filmində də bu mövzuya geniş yer verilib. Vətən Müharibəsinin ikinci ildönümündə biz də həmin o qəhrəmanların biri ilə həmsöhbət olduq. Hərbi Dəniz Qüvvələrinin 3-cü dərəcəli kapitanı ilə...

– Cənab 3-cü dərəcəli kapitan, döyüş yolunuzdan başlayaq. 44 günlük Vətən müharibəsində siz hansı istiqamətlərdə döyüşlərə qatılmışdınız?

– Sentyabrın 27-də Azərbaycan Ordusunun əks-hücum əməliyyatı başladı və bizim bölməyə də həyəcan siqnalı verildi. Bununla da, Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisində törətmək istədikləri təxribatın qarşısını almaq məqsədilə əks-hücum əməliyyatına başladıq. Bizim qüvvənin ilkin döyüş istiqaməti Tərtər rayonu Talışkənd istiqamətindən oldu. Talışkənd istiqamətindəki döyüşlərdə bizim qüvvələrin bir qrupu fəal şəkildə iştirak etdi. Bir müddət sonra isə bizim oradakı qüvvələrə başqa istiqamətdə döyüş tapşırığını yerinə yetirmək əmr olundu.

– Yeni döyüş tapşırığı hansı istiqamətdə nəzərdə tutulmuşdu?

– Yeni döyüş tapşırığı Füzuli-Cocuq Mərcanlı kəndi istiqamətində oldu. Bizim irəlilədiyimiz istiqamətdə düşmənin birinci eşelonu artıq məhv edilmişdi. Biz birbaşa düşmənin ikinci eşelonuna hücum etdik.

– Bəs birinci eşelonu siz oraya gələnə qədər hansı qüvvələr məhv etmişdi?

– Birinci eşelon bizim artilleriya vasitələri ilə artıq biz oraya çatana qədər məhv edilmişdi. Düşmənin sağ qalan hissəsi isə birinci eşelonu tərk edib ikinciyə çəkilmişdi. Ümumiyyətlə, həmin istiqamət də daxil olmaqla, orada düşmənin “Ohanyan səddi” deyilən bir keçilməz səddi var idi. Bu bir müdafiə zolağı idi və çox sıx şəkildə quraşdırılmışdı. Biz qruplarla sızma əməliyyatını həyata keçirdik. Bir növ, düşmən bizi təkcə qarşıdan gözlədiyi halda, biz eyni vaxtda bir neçə istiqamətdən hücuma keçdik. Belə olan halda, düşmən təşvişə düşdü, mövqelərini itirməyə başladı. Ümumiyyətlə, müharibənin gedişində bu cür təşviş halları tez-tez olurdu.

– Cənab 3-cü dərəcəli kapitan, sizin formanıza baxıram, yadıma müharibənin gedişatında yerli və xarici mediada yazılan “qara paltarlılar” ifadəsi düşür.

– Bəli, haqlısınız. Bu bizim Hərbi Dəniz Qüvvələrinin Xüsusi Təyinatlı Dəstəsinə verilən ad idi. O zaman düşməndə bu forma əməlli-başlı qorxu yaratmışdı.

Dediyimiz kimi, ikinci eşelon üzərinə hücuma keçərək, döyüş tapşırığını yerinə yetirdik. Bundan sonra isə artıq bizim əməliyyatlarımızda sürət, temp artmağa başladı. Bu minvalla, Araz çayının kənarı ilə Cəbrayıl rayonuna, kəndlərinə daxil olduq və qısa müddət ərzində Cəbrayılı tamamilə düşməndən xilas etdik. Erməni mətbuatında o dövrdə belə bir məlumat yayılmışdı ki, “biz onları 8 günə gözlədiyimiz halda, onlar 3 günə bizim mövqelərimizə çatmışdılar”.

– Bax deyirsiniz ki, müəyyən mövqeləri keçəndən sonra ordunun irəliləmə tempi artdı. Bu nəyin sayəsində oldu?

– Mən sizə açıq deyim, bizdəki ruh yüksəkliyi tempimizi artıran əsas məsələ idi. Hər kəndi, hər ərazini işğaldan azad etdikcə bu bizə əlavə stimul verirdi, ruh yüksəkliyi yaranırdı. Üstəlik, xalqımızın sevinci, bizə mənəvi dəstəyini görürdük, eşidirdik. Bütün bunlar bizdə elə bir hiss yaradırdı ki, sanki döyüş indi başlayıb. Yəni heç bir yorğunluq, heç bir ruh düşkünlüyü olmurdu.

– Ümumiyyətlə, döyüşlər zamanı qüvvələr arasında əlaqə nə cür qurulurdu?

– Müharibənin gedişi dövründə bütün qüvvələr arasında qarşılıqlı əlaqə var idi. Bilirsiniz, bu sistem əvvəlcədən olduqca dəqiq formada işlənmişdi, qurulmuşdu. Yəni bizim qüvvələr arasında daima – müharibə başlayandan bitənə qədər problemsiz əlaqə var idi. Məsələn, biz hansısa istiqamətdə hücuma keçiriksə və o zaman oraya hər hansısa bir artilleriya dəstəyi lazımdırsa, dərhal onlarla əlaqə qurulurdu, təlimat verilirdi. Və yaxud da havadan hücum əməliyyatı keçirilən zaman düşmən qüvvənin havadan müdafiə qurğularının məhv edilməsi üçün digər qüvvələrə dərhal təlimat verilirdi. Yəni bütün bu əməliyyatlar sistemli formada həyata keçirilirdi.

– Bildiyim qədəri ilə Aprel döyüşlərində də iştirak etmisiniz.

– Bəli, 2016-cı ildə baş vermiş Aprel döyüşlərində də döyüşçü yoldaşlarımızla birlikdə iştirak etmişik, düşmənə qarşı vuruşmuşuq. Ümumiyyətlə, Aprel döyüşləri düşmən tərəfə düşünmək üçün verilən vaxt idi. Düşmən başa düşməli idi ki, Azərbaycan Ordusu nəyə qadirdir, gücü nədir? Amma elə alındı ki, onlar bu dörd il ərzində sülh istiqamətində heç nə etmədilər, əksinə yeni-yeni təxribatlara təşəbbüs etdilər.

– Bayaq Cəbrayıl istiqamətində irəlilədiyinizi dediniz. Ondan sonra sizin tapşırıq nə idi?

– Cəbrayıl şəhəri azad olunduqdan sonra bizim qüvvələr Qubadlı istiqamətində hücuma keçdi. Və Qubadlı şəhəri azad olundu, şəhərin azad olunması məruzəsini də Hərbi Dəniz Qüvvələrinin rəhbər heyəti etdi. Cənab Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev bu məruzədən sonra şəxsən özü zəng edib bizi təbrik etdi, döyüş əzmimizi yüksək qiymətləndirdi.

– Bəs Qubadlıdan sonra...

– Qubadlıdan sonra biz Xocavənd rayonu istiqamətində irəlilədik. Burada ordumuz üçün ən böyük maneələrdən biri yerləşirdi: Qızılqaya yüksəkliyi. Bilirsiniz, müharibə təkcə rayonların, kəndin azad olunması deyil. Mövqe döyüşləri, bu cür keçilməz ərazilərin azad olunması, əslində, müharibənin ən çətin tərəfləridir.

– Qızılqaya istiqamətində gedən döyüşün əhəmiyyətindən nə deyə bilərsiniz?

– Biz bir bölmə idik, düşmənin isə 70 nəfərə yaxın şəxsi heyəti var idi. Döyüşlərin 37-ci günü idi və əməliyyat başlayan ilk dəqiqlərdə bir şəhid və bir yaralı verdik. Amma, Allaha şükür, ki, əməliyyatı yekunlaşdıra bildik. Ümumilikdə o döyüşdə 5 şəhid, 6 yaralı verdik. Ərazini azad etdikdən sonra oranın strateji əhəmiyyətini gördükdə heyrətə gəlirdik. Məhz bundan sonra bizdə elə bir stimul yaranmışdı ki, bizdən sonra ora gələn köməkçi qüvvələr oranı aram-aram, hissə-hissə çıxırdılar. Amma döyüş zamanı biz oranı elə bir formada və elə sürətlə keçmişdik ki, sözlə ifadə eləmək çətindir.

– Azad olunmuş torpaqlara ilk ayaq basan şəxslərsiniz. Ümumiyyətlə, bu necə bir hissdir?

– Əlbəttə, bu hiss elə bir hissdir, bunu sözlə ifadə eləmək çətindir. Mən sizə bir məsələni də deyim ki, biz azad etdiyimiz ərazilərdə qaldırdığımız bayraqların üzərinə şəhidlərimizin adını yazırdıq. Bunu ona görə edirdik ki, o şəhidlərin adı bizim bayrağımız dalğalana qədər yaşayacaq.

– Sizin qüvvələrin pusquya düşdüyü olubmu?

– Yox. Biz bizə yaxın dövlətlərin döyüş taktikasını da mənimsəyirik, müəyyən kurslar keçirik. Onların hücum və pusqu əməliyyatlarının analizini aparırıq. Nəticə etibarilə düşmənin düşündüyünü dərhal sezə bilirik. Əksinə, bizi pusquya salmaq istəyən qüvvələri pusquya saldığımız məqamlar olub.

– Döyüş əməliyyatı zamanı şəhid olmuş, yaxud yaralanmış döyüşçü yoldaşlarınızı ərazidən neçə çıxarırdınız?

– Ümumiyyətlə, Xüsusi Təyinatlı Qüvvələr heç bir döyüşçü yoldaşını döyüş teatrında, ərazidə qoyub gedə bilməz. Yəni nə olur, olsun, döyüşçü yoldaşın da ərazidən çıxarılıb səninlə getməlidir, aparılmalıdır. Ona görə də biz döyüşlərdən qayıdana qədər artıq şəhid olmuş yoldaşlarımız dəfn olunurdu. Mən öz qardaşımla yaşamadıqlarımı döyüşçü dostlarımla yaşamışam. Mümkün deyil ki, onlar orda qalsın.

– Vətən Müharibəsindən sonra hansı medalları almısınız?

– Mən dörd rayon istiqamətində döyüşlərdə olmuşam və bu rayonların azad olunmasına görə medallarla təltif edilmişəm: Füzuli, Cəbrayıl, Qubadlı, Xocavənd. Həmçinin “Cəsur döyüşçü” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilmişəm. Fəxr edirəm ki, bu ölkə və xalq üçün döyüşlərdə olmuşam.

– Cənab 3-cü dərəcəli kapitan, Hərbi Dəniz Qüvvələri adından da göründüyü kimi dəniz, su mühiti üçün formalaşdırılıb. Yəni adamda bu ad bu cür təəssürat yaradır. Bəs necə olur ki, quruda da bu formada əməliyyatlar həyata keçirir?

– Əslində, bizim özəlliyimiz odur ki, Hərbi Dəniz Qüvvələri həm suda, həm havada, həm də quruda döyüş əməliyyatlarını həyata keçirmək üçün yetişdirilir. Yəni bizim üçün ərazinin, coğrafiyanın fərqi yoxdur!

Quru Qoşunları mayoru Məmmədov Həmid

Pilotsuz uçuş aparatlarının müharibənin gedişinə və nəticəsinə təsiri məlumdur. Məhz bu səbəbdən, müharibə ərəfəsində “Azərbaycan dünyaya yeni döyüş anlayışı gətirdi” kimi ifadələr tez-tez dünya mediasında yer alırdı. İkinci müsahibim məhz həmin o uçuş aparatlarını idarə edən, onları düşmən mövqelərinə yönəldən və məhv edən qəhrəmandır...

– Cənab mayor, döyüş yolunuzdan başlayaq.

– 44 günlük Vətən müharibəsində mən və bir qrup döyüşçü yoldaşım pilotsuz uçuş aparatlarının idarə edilməsi, onların hədəfə yönləndirilməsi və düşmənin komanda-dayaq məntəqələrini məhv etmək üzrə təlimatlandırılmışdı. Bütün bu fəaliyyətimiz müharibənin gedişində də gördüyünüz kimi ordumuz üçün, onun yeni-yeni əraziləri işğaldan azad etməsi üçün müəyyən yollar açırdı.

– Vətən müharibəsi zamanı, eləcə də sonrakı dönəmdə dünya mediasında Azərbaycanın yeni bir döyüş anlayışını yaratdığını yazırdılar. Yəni pilotsuz uçuş aparatları müharibənin gedişi üçün olduqca önəmli idi. İstəyərdim, ordumuzun bu mərhələyə qədərki hazırlığı haqqında danışaq.

– Əlbəttə. Pilotsuz uçuş aparatları havadan hücum və kəşfiyyat istiqamətində əvəzsiz rola malikdir. Ulu Öndər Heydər Əliyevin ordu quruculuğu və onun layiqli davamçısı cənab Prezident İlham Əliyevin ordumuz üçün yüksək səviyyədə qayğısı nəticəsində Azərbaycan ordusu günbəgün inkişaf edir, özünün silah arsenalını və canlı döyüşçü qüvvəsini genişləndirir. Bunun nəticəsində isə, sözügedən yeni texnikaların ordumuzun bir parçasına çevirmək üçün istər ölkə daxilində, istərsə də ölkə xaricində təlimlər, kurslar təşkil edilir və döyüşçülərimiz hazırlaşdırılır.

– “Bayraktar-TB2” və “Harop”. Müharibənin gedişi zamanı bu ikisinin adını tez-tez eşidirdik. Eyni zamanda, bu ikilinin adı erməni mediasında da tez-tez hallanırdı. İstəyərdim, bu iki pilotsuz uçuş aparatının imkanlarından və bir-birindən fərqlərindən danışaq.

– Ümumiyyətlə, pilotsuz uçuş aparatları təyinatı və təsnifatına görə müxtəlif olur. Sizin adlarını çəkdikləriniz müharibə zamanı ən çox istifadə edilən, müharibənin gedişinə əsaslı təsir edən uçuş aparatları idi. “Harop” kamikadze tipli aparatdır və aparatın özü mərmidən ibarətdir. “Harop” düşmənin canlı qüvvəsini, yaxud hər hansısa bir texnikasını, döyüş mövqeyini aşkar etdikdən sonra onu idarə edən operator vasitəsilə komandaya tabe olur, hədəfə şığıyır və hədəfə dəyərək özü-özünü partladır.

“Bayraktar-TB2” isə həm də kəşfiyyat xarakterli uçuş aparatıdır. Yəni o, vizual müşahidəsi mümkün olmayan yüksəkliyə qədər – 30 km yüksəkliyə qədər qalxaraq düşmən tərəfi analiz edir. Ya onun canlı döyüş qüvvəsini, ya mövqeyini, ya hər hansısa bir texnikasını aşkarlayır, kəşfiyyat əməliyyatını həyata keçirir. Yekunda müəyyən rəhbərliyin komandası ilə həmin məsafə şığıyaraq və “Harop”dan fərqli olaraq hədəflə arasında müəyyən məsaf saxlayaraq hədəfə doğru mərmilər göndərir. Yəni “Bayraktar-TB2"-nin alt hissəsində olan mərmilər var ki, hədəfə məhz o mərmiləri göndərir, özünü partlatmağa ehtiyac qalmır.

– Bu gün Azərbaycan Ordusunda bu adları çəkilən uçuş aparatlarından başqa hansı aparatlar var?

– Bayaq da qeyd etdiyim kimi, cənab Prezidentin ordumuza qayğısı və diqqəti hər zaman silah arsenalımızın genişlənməsinə xidmət edir. Bu gün artıq ordumuza yeni tipli texnikaların, uçuş aparatlarının, silahların alınması, bazanın genişləndirilməsi istiqamətində işlər gedir. Mən indi bu yeniliklərin adını çəkə bilməyəcəyəm, yəqin, başa düşərsiniz.

– Ümumiyyətlə, pilotsuz uçuş aparatları üçün zaman fərqi var? Yəni kəşfiyyat xarakterli əməliyyatlar günün istənilən saatında həyata keçirilə bilirmi?

– Tamamilə. Pilotsuz uçuş aparatları üçün gecə və ya gündüz olmasının fərqi yoxdur. Günün 24 saatı eyni məhsuldarlığa malikdir.

– Cənab mayor, bu yaxınlarda erməni tərəfi yenə də təxribata əl atdı, mövqelərimizə qarşı hücuma keçdi. Ümumiyyətlə, Azərbaycan zabiti olaraq, son hadisələri necə qiymətləndirirsiniz?

– Bilirsiniz, Azərbaycan tərəfi hər zaman sülh çağırışları edib. Müharibəyə qədərki dövrdə də dövlətimizin mövqeyi düşməni danışığa çağırmaq, sülhə gətirmək idi. Amma olmadı. Eynilə bugünkü dediyiniz hadisələr də yenə də düşmənin sülhdən qaçışıdır, danışıq proseslərindəki sözlərinə əməl etməməsidir. Nəticədə ordumuz adekvat cavab verməyə məcbur oldu, cavab verdi, düşmənin bütün atəş nöqtələrini susdurdu. Yenə də təkrar edirəm ki, Azərbaycan tərəfi sülhə hər zaman açıqdır.

Tibb xidməti leytenantı Əliyev Orxan

Şübhəsiz, müharibə ancaq səngərdə olmur. Müharibəyə qatqı isə ancaq silah-sursatla vuruşmaq deyil. Necə ki tibb xidməti hərbi qulluqçuları da döyüşçüdür. Ölümlə-qalım arasındakı həlledici müdaxiləyə sahib döyüşçülər.

Növbəti müsahibim döyüşlərin ən qaynar nöqtələrində hərbçilərimizə yeni nəfəs və həyat verən tibbi xidməti leytenantıdır...

– Cənab leytenant, müsahibədən öncə mənə dediniz ki, siz müharibəyə əsgər kimi getmisiniz.

– Bəli, Vətən müharibəsi başlayanda mən orduda deyildim, artıq xidmətimi başa vurmuşdum. Lakin səfərbərlik elan olunanda mən də oktyabrın 9-da ordu sıralarına qoşuldum. Və müharibə vaxtı həkim kimi fəaliyyət göstərdim. Müharibədən sonra isə artıq hərbçi kimi qalmağı qərarlaşdırdım və hazırda tibb leytenantı kimi Vətənə xidmətimi davam etdirirəm.

– Müharibə vaxtı sərhəd zonasına yaxın xəstəxanaların əksəriyyəti hərbi rejimdə fəaliyyət göstərirdi. Siz haralarda olmusunuz?

– Biz, əsasən, reabilitasiya mərkəzlərində və hospitallarda olurduq. Bizim işimiz həm yaralı əsgərlərimizə yardımlar göstərmək, həm də onları yenidən ruh yüksəkliyi ilə döyüşə yola salmaqdan ibarət idi. Sizi inandırım ki, yaralı-yaralı döyüşə atılmaq istəyən, yenidən yaralandığı zonaya qayıdan döyüşçülərimiz həddindən çox idi.

– Sizin olduğunuz mövqedə neçə nəfər həkim var idi?

– Biz bir komanda şəklində işləyirdik və komandamızda 9 nəfər həkim var idi. Və daima bir-birimizlə əlaqədə idik, yəni orada, həqiqətən də, bir komanda işini icra edirdik.

– Konkret döyüşlərin getdiyi nöqtələrdən çox uzaq idiniz, ya necə?

– Bizim olduğumuz rayonlar arxa cəbhədə yerləşirdi. Birbaşa döyüşlərin getdiyi zonada isə hər manqada, hər qrupda bir nəfər həkim olur, bu, bir növ, qaydadır. Üstəlik, müharibə vaxtı birinci olaraq göstəriş o olur ki, birbaşa döyüş bölgəsinə yaxın ərazidə modul tipli və hərbi-səhra hospitalları yaradılır. Döyüş bölgəsindən çıxarılan yaralı əsgərlərə yerindəcə ilkin tibbi yardım edilir, ardından məhz dediyimiz modul tipli məntəqələrə gətirilir, müəyyən əməliyyat tipli yardımlar edir. Bu mərhələdən sonra isə artıq ehtiyac olarsa, bizim olduğumuz zonalara – reabilitasiya mərkəzlərinə, hospitallara gətirilir.

– Təqribi də olsa, sizin komandanızın müharibə vaxtı nə qədər hərbçimizə tibbi yardımın etdiyini xatırlayırsınızmı?

– Konkret olaraq, rəqəm deyə bilməyəcəyəm. Amma onu deyim ki, döyüşlərin başladığı ilk günlərdə yaralı çox olurdu, bu da normaldır. Bəzən 200-300 yaralı gəldiyi də olurdu, bəzən 50-60. İstənilən halda, bayaq da dediyim kimi əlaqəli formada işləyirdik deyə, öhdəsindən gəlirdik. Oktyabrın ilk ongünlüyündən sonra isə artıq yaralılarımızın sayı getdikcə azaldı. Bu da bizim hərbi üstünlüyümüzün göstəricisi idi.

– Bayaq dediniz ki, yaralı halda döyüşə qayıtmaq istəyən döyüşçülərimiz də olurdu.

– Bəli, olurdu yox, hətta deyərdim ki, hamısı eyni düşüncədə, eyni döyüş ruhunda olurdu. Bilirsiniz, döyüş dostlarını orada qoyub gəldikləri üçün dərhal ora qayıtmaq, onlara kömək etmək istəyirdilər, buna can atırdılar. Biz də onları başa salırdıq ki, səbirli olmaq lazımdır.

– Bu yaxınlarda yenə erməni tərəfinin təxribatı nəticəsində sərhəddə atəşkəs pozuldu. Kadrlar yayılmışdı ki, ordumuzun əsgərləri erməni əsirinin yaralarını sarıyır. Müharibənin gedişində belə halla rastlaşmışdınız?

– Şübhəsiz, Azərbaycan Ordusu həmişə humanist mövqe sərgiləyib. Düzdür, mənim olduğum nöqtələrdə belə hallarla rastlaşmamışdım. Amma bu cür faktlar olub və kadrlar da realdır.

Foto İlkin Nəbiyev © APA group

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR