Horadiz Sərhəd Dəstəsinin xidməti ərazisində inşa olunmuş komendantlığın açılışı olub

Horadiz Sərhəd Dəstəsinin xidməti ərazisində inşa olunmuş komendantlığın açılışı olub
# 16 noyabr 2012 15:16 (UTC +04:00)

Beyləqan. Rəşad Süleymanov – APA. Horadiz Sərhəd Dəstəsinin xidməti ərazisində inşa olunmuş 1-ci Şahsevən sərhəd komendantlığının açılışı olub. APA-nın məlumatına görə, tədbirdə çıxış edən Horadiz Sərhəd Dəstəsinin komandiri, polkovnik-leytenant Zaur Zeynalov hərbi hissənin xidməti-döyüş fəaliyyəti barədə məlumat verib. Qeyd olunub ki, cari ilin avqust ayında Horadiz Sərhəd Dəstəsində 5 sərhəd zastavası yenidən inşa olunaraq xidməti istifadəyə verilib. Hazırda sərhəd dəstəsi qarnizonunda 5 binadan ibarət 105 mənzilli yaşayış şəhərciyi və hərbi xəstəxana inşa olunur.

Hərbi hissə komandiri həmçinin qeyd edib ki, hazırda sərhəd dəstəsinin xidməti sahəsinin 132 km-lik hissəsi Ermənistanın işğalı altındadır. Bu ərazilərdən kriminal məqsədlər, beynəlxalq terrorçuluq, narkotik maddələrin qanunsuz dövriyyəsi və s.məqsədlər üçün istifadə olunur.

Dövlət Sərhəd Xidmətinin rəisi, general-leytenant Elçin Quliyev isə bildirib ki, 21-ci əsrdə sərhəd təhlükəsizliyi yeni yanaşmanı tələb edir. Azərbaycan bütün istiqamətlərdə sərhədlərin təhlükəsizliyinin təmin olunması istiqamətində tədbirlər həyata keçirir: «Bu gün sərhəd mühafizəsində ən müasir texnologiyaların tətbiqi müasir təhdidlərə cavab verir».

General, həmçinin əlavə edib ki, Ali Baş Komandanın diqqəti sayəsində DSX müasir döyüş helikopterləri, zirehli döyüş maşınları, silahlar ilə təchiz olunub və bu proses davam etməkdədir: «Bu onu göstərir ki, yaxın vaxtlarda Azərbaycanın ərazi bütövlüyü təmin olunacaq. Azərbaycanın bayrağı dövlət sərhədlərimizdə dalğalanacaq».

Mərasimin rəsmi hissəsindən sonra sərhəd komendantlığına baxış keçirilib. Bildirilib ki, ərazidə 2 mərtəbəli 200 yerlik əsgər yataqxanası, əsaslı təmir edilmiş qərargah binası, zabit və gizir heyəti üçün 2 mərtəbəli, 24 mənzilli yaşayış binası inşa edilib. Mənzillər mebel və məişət avadanlıqları ilə təmin olunub. Tədbirdə sərhəd komendantlığının inventarındakı silah və hərbi texnikalar da nümayiş olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR