General Yücel Karaüz: "Qarabağın işğaldan tez qurtulması Azərbaycan xalqının dövlətinə olan sarsılmaz inamından asılıdır"

General Yücel Karaüz: "Qarabağın işğaldan tez qurtulması Azərbaycan xalqının dövlətinə olan sarsılmaz inamından asılıdır"
# 10 oktyabr 2020 19:45 (UTC +04:00)

“13 gündür ki, bəzi qüvvələr Azərbaycan xalqının əzmini qırmaq istəyir, bu təxribatlara qətiyyən uymaq olmaz. Bizi biz edən birlik, bərabərlik və inancımız sarsılmamalıdır. Dünən Moskvada keçirilən üçtərəfli görüşdən sonra nəzərə alacağımız ən önəmli məsələ budur”.

Türkiyənin Azərbaycandakı Səfirliyinin keçmiş hərbi attaşesi, general Yücel Karaüz APA-nın yerli bürosuna danışarkən belə deyib.

Y. Karaüz bildirib ki, Moskvada Azərbaycan, Rusiya, Ermənistan xarici işlər nazirlərinin birgə görüşündən əldə olunan humanitar əsaslarla müvəqqəti atəşkəsin həyata keçirilməsi cəmiyyətdə yanlış anlaşılma yaratmamalıdır: “Azərbaycan bu danışıqlara getməsəydi beynəlxalq təzyiqlər altında qalacaqdı. Azərbaycanın haqlı olduğu, işğalda olan torpaqlarını müdafiə etdiyi, Rusiya da başda olmaqla 25-dək ölkə tərəfindən ifadə olunub. Azərbaycan 12 oktyabrda Cenevrədə təşkil olunacaq görüşə də getməlidir ki, danışıqlar masasında haqlı olduğunu bir daha ifadə etsin. Cənab İlham Əliyev də son çıxışında Azərbaycanın hansı şərtlər daxilində atəşkəsə razı olacağını bildirib. 72 saatlıq vaxt verilib. Azərbaycan bu danışıqlarda şərt qoyan tərəfdir. Cenevrədə Minsk Qrupu həmsədrləri bu şərtlərin əksi olan bir davranış göstərsələr, Azərbaycan Ordusu qaldığı yerdən irəliləməyə davam edəcək”.

General onu da qeyd edib ki, humanitar əsaslarla müvəqqəti atəşkəsin həyata keçirilməsi prosesində 3 önəmli məsələnin də nəzərə alınması vacibdir: “Məlumdur ki, Ermənistan savaşma əzm və qərarını dövləti, milləti və ordusu ilə birgə tükəndirib. Ermənistan atəşkəs müddətini uzadaraq gücünü bərpa etmək istəyir. Ona görə də Ermənistanın xaricdən PKK/YPG üzvü olan terrorçuları ölkəsinə gətirilməməsi nəzarətdə saxlanmalıdır, beynəlxalq aləmdə bu məsələlərə dair məlumatlar verilməlidir. Ona görə də indiki mərhələdən Ermənistanın yararlanmasına fürsət verilməməlidir.

İkinci məsələ Azərbaycan və Türkiyə Xarici İşlər Nazirlərinin birgə söhbətindən gəlinən nəticələr, Türkiyənin bir daha Azərbaycana dəstək mesajının verilməsi, artıq Türkiyənin Rusiya üzərində daha rəsmi təsirinin olması hər iki cəmiyyətdə geniş yayımlanmalıdır. Çünki Türkiyə bazar ertəsi Cenevrədə masaya oturmaq hüququ qazanıb.

Üçüncüsü, hazırkı həssas məqamlarda birliyimiz, həmrəyliyimiz çox önəmlidir. Haqlı olaraq Azərbaycan xalqı bu prosesin tezliklə həll edilməsini istəyir. Türkiyədə də insanlar Azərbaycanla bərabər həyəcanla qələbə xəbərini gözləyir. Dünən gecə Türkiyədə mən də daxil, milyonlarla insanımız danışıqların nəticəsini gözlədi, nəticə açıqlandıqdan sonra sabaha qədər yatmadı.

Amma hərbi sahədə təcrübəsi olan bir şəxs kimi Azərbaycan və Türkiyə cəmiyyətindən hazırkı proseslərə səbirlə yanaşmalarını xahiş edirəm. Belə bir problemin siyasi yolla həllinin zamana ehtiyacı olduğu üçün önümüzdəki həftə ortasındakı nəticələri gözləyək. Biz mənəvi gücümüzü qorumalıyıq, duyğusallıqdan uzaq və təmkinli olmalıyıq, başqa bədniyyət qüvvələrin əlinə fürsət verməməliyik. Cənab İlham Əliyev də dünən dönə-dönə vurğuladı ki, şərtlər qəbul edilməsə, Azərbaycan torpaqlarını işğalçılardan təmizlənəcək. Bu gün də Prezidentin köməkçisi Cənab Hikmət Hacıyev də dedi ki, atəşkəs sülh prosesinin irəli aparılması üçün vasitədir. Xalqımız Azərbaycan Prezidentinin liderliyinə, dövlətinə və ordusuna etimadlarını azaltmaq deyil, əksinə daha da artırmalıdır ki, dövlət də xalqın inamından güc alsın”.

General 27 sentyabrdan indiyədək Ermənistanın başlatdığı hücumları və Azərbaycan tərəfindən bu hücumlara verilən cavabı belə dəyərləndirib: “Bu 13 günük mərhələdə cənab Prezident İlham Əliyevin yüksək siyasi liderliyi, dövlətin bütün qurumları ilə hadisələri nəzarətdə saxlaması, yüksək mili-mənəvi dəyərlərimizə malik xalqın göstərdiyi əzm və birlik, Azərbaycan Ordusunun bu vaxt ərzində döyüş taktikası, qətiyyəti, zəfərləri təqdirəlayiqdir. Heç kimsə Azərbaycanın səbrini, iradəsini sınamamalıdır, Azərbaycan Ordusu vətəni uğrunda müharibədə bundan sonrakı rəşadətini göstərməyə qadirdir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR