ARTIM layihə məkanında “Dadaş Adna: Love me” adlı sərgi keçirilib - FOTO

ARTIM layihə məkanında “Dadaş Adna: Love me” adlı sərgi keçirilib - FOTO
  • Clock-gray 20:24
  • calendar-gray 12 İyun 2019

İyunun 12-də  ARTIM layihə məkanında “Dadaş Adna: Love me” adlı sərgi keçirilib. 

APA-nın məlumatına görə, sərgi YARAT Müasir İncəsənət Məkanı ARTIM layihəsi çərçivəsində baş tutub. 


“Dadaş Adna: Love me” sərgisi “Kuratorlar üçün açıq müsabiqə”nin qalibi Ehtiram Jabinin layihəsi əsında təşkil edilib. Sərgi Dadaş Adnanın yaradıcılığının tam spektirini əhatə edərək – fotoqrafiya, video, plakat, şeir və rəsmlərini bir araya gətirir.

Sərginin adı Dadaş Adnanın eyni adlı şeiri üçün hazırladığı “Love me” plakatından götürülüb.

Ehtiram Jabi bildirib ki, əsasən çəkdiyi fotoşəkillər və yazdığı şeirləri ilə tanınan Dadaş Adnanın həyat və bütün yaradıcılığı sevgi hissi ilə zəngindir. “Love me” – onun bu dünyaya olan ismarıcı, çağırışı və ən əsas gözləntisi olaraq, sərginin əsas məğzini təşkil edir".

O qeyd edib ki, daha çox fotoqraf kimi tanınan Dadaş Adnanın fotolarının əsas qəhrəmanları sadə insanlar və onları əhatə edən mühit, həyat və “səslənilməyən” arzularıdır: "Sərgidə Dadaş Adnanın janr fotoqrafiyası, portret, mənzərə, natürmort janrlarında çəkdiyi fotolarının bir qismi yer alır. O, gördüyü “hekayələri” hiss etdiyi kimi çatdırır. Mövzu və janrından asılı olmayaraq, onun fotolarının əsas fokusu həqiqi hiss və emosiyalara köklənib".  

Sərgidə Dadaş Adnanın fotoları ilə yanaşı onun videoları da yer alır. Öz şeirlərinin yazılma və oxunma proseslərini video lentə alan fotoqraf-şair özünəməxsus sənədli filmlər çəkib. 

Azərbaycan və türk dillərində qələmə aldığı şeirlərində Dadaş Adna gündəlik həyat situasiyalarından, düşüncə və hisslərinindən danışır. Bununla yanaşı şeirlərinin məzmununda müəllifin subyektiv fəlsəfi mövqeyi və sualları yer alır. 

Sərgidə onun karandaş rəsmləri ilə yanaşı plakat janrında işləri də nümayiş olunur. 

Sərginin açılışında Dadaş Adnanın yaxın dostu olmuş, VİESULAS adı ilə çıxış edən müğənni, bəstəkar və şair Vüsal Rzasoyun “Full moon man” adlı müəllif konserti baş tutub.

Qeyd edək ki, bu ARTIMın yeni məkanda ilk sərgisidir. 

Sərgi iyulun 12-dək davam edəcək. 

Mirmehdi Ağaoğlu

Digər xəbərlər

Arxiv

date