Gələn il dövlət büdcəsindən tikinti, bərpa, yenidənqurma və əsaslı təmir işlərinə 1,2 mlrd. manata yaxın ayrılacaq

Gələn il dövlət büdcəsindən tikinti, bərpa, yenidənqurma və əsaslı təmir işlərinə 1,2 mlrd. manata yaxın ayrılacaq
# 21 dekabr 2020 13:16 (UTC +04:00)

2021-ci ilin dövlət büdcəsindən büdcə və qeyri-büdcə təşkilatları tərəfindən tikinti, bərpa, yenidənqurma, əsaslı təmir və müxtəlif əsaslı alışların həyata keçirilməsi üçün 1 195,3 mln. manat vəsait proqnozlaşdırılır.

"APA-Economics"in məlumatına görə, bu, Milli Məclisə təqdim edilən “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində əksini tapıb.

Həmin vəsaitin 290 mln. manatı “Avtomobil Yolları” Məqsədli Büdcə Fondu vasitəsilə ölkə ərazisində ümumi istifadədə olan respublika və yerli əhəmiyyətli avtomobil yollarının və onlarla əlaqədar mühəndis qurğularının, təhkim zolaqlarının istifadəsi, saxlanılması və istismarına sərf ediləcək.

Əhalinin mənzilə olan tələbatının ödənilməsi və məişət şəraitinin yaxşılaşdırılması məqsədilə güzəştli ipoteka kreditlərinin verilməsi üçün Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fonduna 87,5 mln. manat (güzəştli ipoteka kreditlərinin verilməsi üçün 81 mln. manat, sahibkarlar tərəfindən manatla alınan kreditlərə hesablanmış faizlərə görə subsidiya verilməsi üçün 6,5 mln. manat), “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi” publik hüquqi şəxsə 73,1 mln. manat vəsait yönəldiləcək.

Qalan 744,7 mln. manat vəsait isə (müdafiə, hüquq-mühafizə orqanları və büdcə təşkilatlarının büdcədənkənar vəsaitlər də nəzərə almaqla) digər büdcə və büdcədən maliyyə yardımı alan təşkilatlar tərəfindən həyata keçiriləcək tikinti, bərpa, yenidənqurma, əsaslı təmir işlərinə, həmçinin müxtəlif əsaslı alışların həyata keçirilməsinə sərf ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR