IATA: Qlobal sərnişin aviadaşımaları oktyabrda 71%-dək azalıb

IATA: Qlobal sərnişin aviadaşımaları oktyabrda 71%-dək azalıb
# 10 dekabr 2020 11:15 (UTC +04:00)

Bu ilin oktyabr ayında qlobal sərnişin aviadaşımaları koronavirus böhranı səbəbindən illik ifadədə 70,6% azalıb.

"APA-Economics"in məlumatına görə, bu barədə Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) açıqlamasında deyilir.

Qeyd olunur ki, eyni zamanda, daxili sərnişindaşımaları sayəsində azalma sentyabr ayının göstəricisinə (72,2%) nisbətən yavaşlayıb. Oktyabr ayında beynəlxalq sərnişindaşımanın həcmi 87,8%, daxili isə 40,8% azalıb.

Ən böyük azalma Yaxın Şərq ölkələrində qeydə alınıb – 85,5%. Avropada azalma 77,6%, Afrikada – 76,3%, Şimali Amerikada – 70,1% olub. Latın Amerikası ölkələrində hava nəqliyyatı ilə sərnişinlərin daşınması 68%, Asiya-Sakit okean regionunu ölkələrində isə 61,6% azalıb.

Xatırladaq ki, bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda hava nəqliyyatı ilə 537,4 min və ya 76,6% az sərnişin daşınıb. Daşımaların 99,4%-i dövlət, 0,6%-i isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR