Rauf Vəliyev: "ASCO beynəlxalq şirkətlərlə əməkdaşlıqda maraqlıdır"

Rauf Vəliyev: "ASCO beynəlxalq şirkətlərlə əməkdaşlıqda maraqlıdır"
  • Clock-gray 14:19
  • calendar-gray 20 Dekabr 2019

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) Çinin “COSCO Shipping Lines” dövlət şirkəti ilə tərəfdaşlığa hazırdır.

ASCO-dan “APA-Economics”ə verilən məlumata görə, bunu QSC-nin sədri Rauf Vəliyev “COSCO Shipping Lines”in nümayəndələri ilə görüşü zamanı deyib.

Onun sözlərinə görə, bu gün Azərbaycan yerli əhəmiyyətli layihələrlə yanaşı, qlobal miqyaslı təşəbbüslərlə də çıxış edir və bu təşəbbüslərin icrasında birbaşa iştirak edir.

ASCO-nun fəaliyyəti barədə təqdimat edən sədr bildirib ki,  Avropa -Qafqaz-Asiya (TRASEKA) nəqliyyat dəhlizində bağlayıcı rolunu oynayan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunda yüklərin və sərnişinlərin daşınması ilə bərabər, dənizdə həyata keçirilən neft və qaz əməliyyatlarına müvafiq nəqliyyat xidmətləri göstərir. Sədr qeyd edib ki, donanmasının tərkibindəki gəmilərin müxtəlifliyinə görə ASCO dünyanın unikal gəmiçilik şirkətlərindən sayılır.

R. Vəliyev onu da qeyd edib ki, Xəzərdə yeganə bərə operatoru olan ASCO-nun donanmasının tərkibində hazırda 13 ədəd bərə-gəmi mövcuddur. O, daha iki bərə-gəminin inşa edildiyini də qonaqların diqqətinə çatdırıb.

“ASCO gəmiçilik sahəsində qabaqcıl və təcrübəli beynəlxalq şirkətlərlə əməkdaşlıqda hər zaman maraqlıdır. Bu baxımdan “COSCO Shipping Lines” şirkəti ilə də tərəfdaşlığa hazırdır”, - deyə R. Vəliyev əlavə edib.

Daha sonra “COSCO Shipping Lines”in Avropa üzrə vitse-prezidenti Vanq Sonqven geniş təqdimat edib. O, təmsil etdiyi şirkətin dövlətə məxsus olduğunu bildirərək daşımaçılıq, gəmiqayırma kimi müxtəlif istiqamətlərdə xidmətlər göstərdiyini deyib. Vanq Sonqvenin sözlərinə görə, şirkət hazırda 1300-dən artıq müxtəlif növ gəmi istismar etməklə beynəlxalq yükdaşımalarda mühüm rol oynayır.

Vanq Sonqven ASCO ilə daşıma və logistika sahəsində əməkdaşlığın vacibliyini qeyd edib. O, gələcəkdə bu istiqamətdə daha məqsədyönlü addımların atılmasını önə çəkib.

Emil İsmayılov

Digər xəbərlər