Sosial təbəqələşmə təbii haldır və heç bir ölkə onu sona qədər aradan qaldıra bilməyib. İnternet hər kəs üçün bərabər şərtlərlə məlumat əldə etmək vasitəsi kimi düşünülsə belə, istər cinsi, istərsə də sosial və ya mədəni baxımdan rəqəmsal məkanda hələ də boşluqlar mövcuddur.
Azərbaycanda vəziyyət belədir: qadınlar informasiya cəmiyyətinin və rəqəmsal iqtisadiyyatın inkişafında fəal iştirak edirlər. Onlar informasiya texnologiyalarının (İT) aktiv istifadəçiləridir, lakin nadir hallarda istehsalçı qismində çıxış edirlər. Texnologiya sektorunda ən yüksək vəzifələri kişilər tutur.
İT gender bərabərliyinə və qadınların səlahiyyətlərinin artırılmasında əhəmiyyətli rol oynayacaq. Texnologiyalar qadınlara və qızlara işləri və ictimai həyatda iştirakları üçün vacib olan məlumatları və əlavə mənbələri əldə etmək imkanı verir. İT-yə çıxış əldə etməklə qadınlar cəmiyyətdə, hökumət və qlobal səviyyədə fikirlərini ifadə etmək üçün daha çox imkana sahib olacaqlar. Bu, qadınlar üçün real vaxt rejimində fəaliyyət sərbəstliyi də təmin edir ki, bu da sosial təcridə məruz qalmış qadınlar üçün xüsusilə dəyərli ola bilər.
Müasir dövrdə rəqəmsal iqtisadiyyatın inkişafı üçün geniş imkanlar mövcuddur. Bütün ölkələr bu istiqamətdə strategiyalar hazırlayıb. Lakin son illərdə rəqəmsal iqtisadiyyatda gender bərabərliyi də vacib bir faktor kimi vurğulanır. Azərbaycanda da bu məqama xüsusi diqqət yetirilir. Ölkədəki qadınlar İT sektorda əhəmiyyətli rol oynayır. Hazırda sözügedən sektorda çalışan 26 500 işçinin 29,7%-ni qadınlar təşkil edir. İldən-ilə texnologiyalardan istifadə edən qadınların sayı artır. Məsələn, bu gün internetdən istifadə edən işçilərin 47%-i qadındır. Qadınlar sosial şəbəkələrdə də fəal iştirak edir. Azərbaycan “Facebook” istifadəçilərinin 34%-i, “Instagram” istifadəçilərinin isə 36%-i qadınlardır.
Ölkədə qadınlar üçün xüsusi platformalar yaradılıb. Bunlara misal olaraq “Girls Code” platformasını göstərmək olar. Bu platforma Azərbaycanda qadınların İT sektorunda fəal iştirak etməsini, onların uğurlu karyera qurmasını, İT sektorunda olan gender bərabərsizliyinin azaldılması və bu sahədə qadınların sayının daha da artırılmasını hədəfləyir. Hazırda 1 000-dən çox xanım bu platformanın üzvüdür və onlar üçün bir sıra təlim və maarifləndirici tədbirlər keçirilib.
“Göründüyü kimi, dünyada bütün sektorlarda gender bərabərsizliyi var. Bu problemin həlli vacibdir. Qadınların İKT-yə cəlb edilməsi iqtisadiyyatın böyüməsini gücləndirə və stimullaşdıra bilər. Qadınlar yalnız işçi qüvvəsi deyil, onlar həmçinin iş yerlərini yeni bacarıqlarla zənginləşdirir və məhsuldarlığı artırır. Qadınlar bu sektora daha yaradıcı elementlər, daha əhatəli yanaşma əlavə edə bilirlər”, - deyə Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (NRYTN) İnnovasiyalar və rəqəmli inkişaf şöbəsinin müdiri Rəşad Əzizov bildirib.
Onun sözlərinə görə, ümumilikdə, gender məsələsini əhatə edən hüquqi baza həm beynəlxalq, həm də milli sahədə mövcuddur. Azərbaycan gender bərabərliyi və qadın hüquqlarını təmin edən beynəlxalq konvensiyalara qoşulub və kişilər və qadınlar üçün bərabər hüquq və imkanların təmin edilməsi ölkə konstitusiyası və hüququnda əks olunur.
“Ekosistemin inkişafı üçün, ilk növbədə, əlaqələndirməni daha yüksək səviyyəyə qaldırmaq gərəkdir. Hazırda ekosistemə dövlət qurumları, ali təhsil müəssisələri, qeyri-hökumət təşkilatları, gender resurs mərkəzləri və tədris mərkəzləri daxildir. Hesab edilir ki, burada koordinasiyanın gücləndirilməsi üçün bir platformaya ehtiyac var. İkinci addım, İKT Qadın Forumunu keçirmək və mövcud vəziyyət, problemlər, gözləntilər ətrafında müzakirələr aparmaqdır”, - deyə R. Əzizov qeyd edib.
Qadınların rəqəmsal iqtisadiyyata çıxışı imkanlarının artırılması
Bu məqsədlə YUNESKO-nun dəstəyi ilə Azərbaycanda “İKT LAB” Tətbiq və Tədris Mərkəzi tərəfindən “Rəqəmsal qızlar (“Digital Girls”) – Milli təlim proqramı” adlı layihə həyata keçirilib. Layihənin məqsədi rəqəmsal gender bərabərsizliyini azaltmaq, qadınların rəqəmsal bacarıqlarını inkişaf etdirmək və ölkəmizdə qadınların şəxsi inkişafını dəstəklənməkdir. Layihə çərçivəsində 560 şagird və gənc qıza rəqəmsal bacarıqlar və kompüter texnologiyaları üzrə, həmçinin şəxsi inkişaf bacarıqları və bu bacarıqlardan istifadə edərək uğur qazanmaq yolları üzrə təlimlər keçilib. O cümlədən, qızlar İKT sahəsində uğurlu karyera qurmaq imkanları ilə tanış olublar. Təlimlər Bakı və Xırdalan şəhərindəki məktəblərində, həmçinin Ağdam, Şamaxı, Mingəçevir, Zaqatala, Qəbələ, Ağdaş və Şabran şəhərlərində təşkil edilib.
Qadınlara innovasiyalar üzrə təlim və tədris imkanları tanıyan “SmartNation” layihəsinin rəhbəri, “İKT-də Qadınlar Klubu”nun həmtəsisçisi Şəbnəm Məmmədova hesab edir ki, Azərbaycanda belə bir stereotip var – texnologiya qadın işi deyil və qadınlar innovasiyalara cəlb edilməməlidirlər.
“Hər bir qadın öz gücünə inanmalıdır. Peşə növündən asılı olmayaraq, qadınlar bu sahədə güclü mütəxəssis ola biləcəkləri barədə özünəinam formalaşdırmalıdır. Cəmiyyətin nə düşünməsindən, hansı stereotiplərə malik olmasından asılı olmayaraq, qadınlarda, ilk növbədə, özünəinam olmalıdır. Dünən üçün aktual olan texnologiya bu gün aktuallığını itirə bilər. Bunu bacarmaq üçün sürətlə dəyişən tendensiyalarla ayaqlaşmalıyıq. Bacarıqların inkişafı daimi olmalıdır”, - deyə Ş. Məmmədova qeyd edib.
Onun fikrincə, uğura aparan əsas xüsusiyyət məqsədin olmasıdır: “Məqsədsiz uğura çatmaq real deyil. İnsan hara gedəcəyini bilməlidir. İkinci əsas faktor isə nizam-intizamdır. Məqsəd “vau” effektli ola bilər, lakin bu yolda nizam-intizam yoxdursa, istənilən nəticəyə çatmaq olmaz. Uğura aparan digər vacib amil isə komanda işidir – doğru komanda işi və kommunikasiya. Çünki ideya və məqsəd çox parlaq ola bilər, lakin əgər insanlarla və komanda ilə düzgün kommunikasiya yoxdursa, uğur gözləmək əbəsdir”, - deyə Ş. Məmmədova bildirib.
Ş. Məmmədova hesab edir ki, son illər informasiya texnologiyaları hətta ucqar kəndlərdə yaşayan qadınlar üçün daha əlçatan olub. Bu, qadınların internetə, sosial şəbəkələrə, müxtəlif veb-platformalara çıxışını daha da asanlaşdırıb. Qadınların İT-yə marağı artmaqdadır və son illərdə qadınların informasiya texnologiyalarında iştirakı yönündə müsbət tendensiya müşahidə olunmaqdadır.
“Qadınların kreativ və tənqidi düşünmə qabiliyyəti uğurun əlamətidir. Sırf texnologiyalar sahəsinə gəldikdə, qadınlar bu sahədə də bacarıqlıdır və onların uğuru tez nəzərə çarpır. Mənim həmtəsisçisi olduğum “Femmes Digitales” təşkilatı ölkədə texnologiya sahəsində fəaliyyət göstərən top menecerləri bir araya gətirir. Son altı il ərzində Bakıda və rayonlarda, ixtisas seçimi astanasında olan qızların İT sahəsinə marağının formalaşmasında, bu sahədə biliklərin, uğurun qazanmasında, ideyanın biznesə çevrilməsində və müxtəlif səpkidə mövzularda “hackathon”lar, təlimlər, seminarlar təşkil olunub”, - deyə Ş. Məmmədova əlavə edib.
Avropa İttifaqının rəqəmsal iqtisadiyyata və cəmiyyətə dəstəyi
Avropa İttifaqı (Aİ) da “EU4Digital” təşəbbüsü ilə bu səyləri dəstəkləyir. “EU4Digital” iqtisadi artım və iş yerləri üçün əsas katalizator kimi Azərbaycan da daxil olmaqla Şərq Tərəfdaşlığı bölgəsində rəqəmsal iqtisadiyyatın və cəmiyyətin inkişafını dəstəkləyir. Dəstək sahələri yüksəksürətli genişzolaqlı internetin inkişafından tutmuş kibertəhlükəsizliyin qurulması, rəqəmsal iqtisadiyyatda bacarıqların inkişafı və daha çox iş yerinin açılmasına qədər şaxələnir.
“EU4Digital”ın İKT İnnovasiya mütəxəssisi Anna Pobol qadınların rəqəmsal sənayedə xüsusilə vacib olduğunu deyir: “Qadınların İKT sahəsindəki artan iştirakının iqtisadiyyatı gücləndirmək potensialı təkcə onları işçi qüvvəsinə əlavə etməklə (onların işinə qarşı maneələrin azaldılması yolu ilə) məhdudlaşmır, qadınlar həm də iş yerlərinə yeni bacarıqları əlavə edərək məhsuldarlıq və inkişafın güclənməsinə səbəb olur”.
O, qadın və kişilərin istehsal müddətində bir-birini əvəz etmədiyini, əksinə inkişafda qadınların məşğulluğunun artırılması ilə əlavə bir fayda yaradaraq bir-birini tamamladığını aşkara çıxaran son BVF araşdırmasına istinad edib: “Başqa sözlə, işçi qüvvəsinə daha çox qadın əlavə etmək, kişi işçilərin sayında bərabər artımın baş verdiyi ssenaridən daha böyük iqtisadi fayda gətirəcək”.
A. Pobol “EU4Digital”ın qadınları xüsusilə onların şəbəkələşmə və təlim ehtiyaclarını hədəf alan bütün cari fəaliyyətlərinə cəlb etməyə çalışdığını söyləyib: “Yeni başladılan “WomenGoTech” fəaliyyətimiz rəqəmsal iqtisadiyyatda öz yerlərini tapmağı hədəfləyən qadınları dəstəkləyir”.
Fəaliyyət çərçivəsində qadınların texnoloji mentorluq proqramları dəstəklənir və yerli benefisiarların bu cür proqramları Azərbaycan da daxil olmaqla öz ölkələrində icra etmək səylərini gücləndirilməyə çalışır.
Ötən ay layihə Şərq Tərəfdaşlığı ölkələrindən olan 15-dən çox mütəxəssisi qadınların texnoloji sektorda iştirakına qarşı əngəlləri və çətinlikləri, habelə qadınların intensiv texnologiya tətbiq edilən iş yerlərində iştirakını artırmaq məqsədilə mövcud təşəbbüsləri önə çıxaran virtual təlim üçün bir araya gətirib.
“İKT Qadın Klubun”un nümayəndəsi Şəbnəm Məmmədova bildirib ki, ötən il “Rəqəmsal Qızlar” layihəsi çərçivəsində təlimlərdə iştirak edən qadınların rəyləri təcrübənin onların həyatlarında böyük rol oynadığını göstərib. İT-yə olan maraq onların baxışlarını dəyişib. Onlar İT ilə bağlı işlərdə çalışmağa başlamasalar belə, texnologiyanın tətbiq edilməsinin vacibliyini başa düşüblər.
Ş. Məmmədova gender bərabərliyinin yalnız iş yerindəki qadın sayını artırmaqdan ibarət olmadığını etiraf edib: “Xüsusi bacarıqlara sahib qadınları tanıyıram. Məsələn, məlumat analitikasında çalışan, yeni həllər və rəqəmsal xidmətlər formalaşdırmaq üçün işləyən qadınlar var. Həvəsləndirici tendensiya ondan ibarətdir ki, son 3-4 ildə qadınların İT karyeralarını planlaşdırmasında çox müsbət bir tendensiya müşahidə olunur. Yaxın gələcəkdə qadın İT mütəxəssislərinin sayının artacağını düşünürəm”.
Xatırladaq ki, qadınları İT sahəsində karyeralarını davam etdirməyə təşviq edən Moldovada Aİ-nin Şərq Tərəfdaşlığı proqramı çərçivəsində icra olunan yeni təşəbbüsü misal olaraq gətirmək olar. Belə ki, “Tech Women Ambassadors” proqramı, “Tekwill” və “Tech Women Community” layihələri İT mütəxəssislər arasında məlumat, motivasiya və təcrübə ötürülməsini artırmaq, asanlaşdırmaq, eyni zamanda bu sənayedə karyera qurmaq istəyən qadınların və qızların istəklərinə təkan vermək və onları təşviq etmək üçün hazırlanıb. Proqramda aylıq qeyri-rəsmi tədbirlər, konfranslar, sosiallaşma sessiyaları, karyera rəhbərliyi, mentorluq, təcrübə mübadiləsi və İT sahəsindəki peşə imkanlarını öyrənmək, araşdırmaq və onlardan faydalanmaq istəyən hər kəsə açıq olan digər görüşlər nəzərdə tutulur.
Bu günlərdə isə “EU4Digital” təşəbbüsü çərçivəsində qadın mentorluğu proqramları üzrə təlim təşkil edilib. İKT və innovasiya sahəsində qadınların mentorluq proqramlarına dair virtual təlim zamanı texnologiya ilə əlaqəli iş yerləri, tədbir və təşəbbüsləri qadınlar üçün daha əhatəli hala gətirmək və bununla da daha çox qadını texnologiyaya cəlb etmək barədə fikirlər səsləndirilib.
A. Pobol hesab edir ki, Şərq Tərəfdaşlığı regionunda qadınlara göstərilən konkret dəstəyin inkişaf etdirilməsinin əsas məqsədi onların innovasiya və İKT sahələrində iştirakını genişləndirməkdir.
“Şərq Tərəfdaşlığı bölgəsində qadınlar və kişilər arasında vəzifə bölgüsü Aİ ölkələri ilə müqayisədə hələ də qeyri-bərabərdir. Qadınlar iş saatlarından əlavə ev işlərinə də vaxt ayırırlar, üstəlik, uşağa baxmaq və yemək bişirmək kimi işlərin də məsuliyyətini daşıyırlar. Beləliklə, qadınların rəqəmsal iqtisadiyyatı daha çox müştəri mərkəzli, balanslı və intellektual mənəvi vəziyyətə gətirmək imkanı gündəlik və həyat rutinləri, həmçinin davamlı qərəzlər tərəfindən əhəmiyyətli dərəcədə məhdudlaşdırılır”, - deyə A. Pobol qeyd edib.
Qadınların İKT sahəsindəki artan iştirakı və bununla da iqtisadiyyatı gücləndirmək potensialı təkcə onları işçi qüvvəsinə əlavə etməklə (onların işinə qarşı maneələrin azaldılması yolu ilə) məhdudlaşmır, qadınlar həm də iş yerlərinə yeni bacarıqları əlavə edərək məhsuldarlıq və inkişafın güclənməsinə səbəb olur.
Makroiqtisadi, sektoral və şirkət səviyyəsindəki məlumatlardan alınan dəlillərə əsaslanan BVF-nin son araşdırmalarından birinə görə, qadın və kişilər istehsal müddətində bir-birini əvəz etmir, əksinə, inkişafda qadınların məşğulluğunun artırılması ilə əlavə bir fayda yaradaraq bir-birini tamamlayır. Başqa sözlə, işçi qüvvəsinə daha çox qadın əlavə etmək kişi işçilərinin sayında bərabər artımın baş verdiyi ssenaridən daha böyük iqtisadi fayda gətirəcək.
Aİ-nin “EU4Digital” təşəbbüsü qadınları davam edən bütün fəaliyyətlərinə cəlb etməyə çalışır və qadınların şəbəkələşmə və təlim ehtiyaclarını hədəf alan fərqli bir yanaşma nümayiş etdirir.