Azərbaycanın TRACECA-dan gəlirləri kəskin artıb

Azərbaycanın TRACECA-dan gəlirləri kəskin artıb
# 31 avqust 2022 10:54 (UTC +04:00)

Bu ilin yanvar-iyun aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin (TRACECA) Azərbaycan hissəsində yük və sərnişin daşınmasından 367 837,9 min manat gəlir əldə olunub ki, bu da illik müqayisədə 25,3% çoxdur.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, 2021-ci ilin birinci yarısında sözügedən göstərici 293 570,1 min manat olub.

Hesabat dövründə, Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində yük daşınmasından 347 622,6 min manat, sərnişin daşınmasından isə 20 215,3 min manat gəlir əldə edilib, bu da illik müqayisədə müvafiq olaraq 24,7% və 37,4% çoxdur.

Qeyd edək ki, cari ilin birinci yarısında TRACECA-nın Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 24 253,5 min ton, sərnişin daşımaları isə 50 825,3 min nəfər olub. Qeyd olunan göstəricilər əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 19,3% və 46,1% çoxdur.

Xatırladaq ki, ötən il TRACECA-nın Azərbaycan hissəsində yük və sərnişin daşınmasından 573 797,6 min manat gəlir əldə olunub ki, bu da illik müqayisədə 0,9% azdır. 2021-ci ildə Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində yük daşınmasından 539 843,5 min manat, sərnişin daşınmasından isə 33 954,1 min manat gəlir əldə edilib, bu da illik müqayisədə müvafiq olaraq 45,2% çox və 48,4% azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR