Bakı Limanında yükaşırmanın həcmi 7,1% artıb

Bakı Limanında yükaşırmanın həcmi 7,1% artıb
# 31 oktyabr 2019 12:38 (UTC +04:00)

Bu ilin yanvar-sentyabr aylarında Ələt qəsəbəsində yerləşən yeni Bakı Limanında ümumi yükaşırmanın həcmi 2018-ci ilin müvafiq dövrünə nisbətdə 7,1% artaraq 3 002,5 min ton olub və göstərilən bütün xidmətlər üzrə nəzərə çarpacaq artım qeydə alınıb.

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-dən “APA-Economics”ə verilən məlumata görə, ümumi yükaşırmanın 85,3%-i (2 560,3 min ton) tranzit yükaşırmanın payına düşüb.

Ötən ilin müvafiq dövrünə nisbətən iri həcmli nəqliyyat vasitələrinin (TIR-ların) sayı 64% artaraq 24 790 ədəd olub. Belə ki, bunlardan 18 642 ədədi (75,2%) Bakı-Türkmənbaşı-Bakı, 6 148 ədədi isə (24,8%) Bakı-Kurık-Bakı istiqamətində hərəkət edibdir.

Konteynerlərin aşırılmasında 43,5% artım müşahidə olunub. Belə ki, 2019-cu ilin 9 ayı ərzində 24 305 ədəd konteyner (TEU ekvivalentində) aşırılıb (2018-ci ildə 16 940 TEU olub). Çin Xalq Respublikasından gələn konteynerlərin sayı isə 90% artaraq 2 610 ədəd təşkil edib.

Bərə terminalında vaqon aşırılması 12% artaraq 35 510 ədədə çatmış və keçən ilin müvafiq dövründə isə say 31 688 ədəd vaqon olub. Bunlardan 16 039 vaqon (45,2%) Bakı-Kurık-Bakı istiqamətində, 19 429 (54,7%) Bakı-Türkmənbaşı-Bakı istiqamətində, 42 vaqon (0,1%) isə Bakı-Aktau-Bakı istiqamətində hərəkət edib.

Hesabat dövründə 34 425 sərnişin yeni Bakı Limanının xidmətlərindən istifadə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR