Yevlaxda ehtiyat data mərkəzi istifadəyə verilib

Yevlaxda ehtiyat data mərkəzi istifadəyə verilib
# 03 iyun 2022 16:04 (UTC +04:00)

“AzInTelecom” MMC-nin Yevlax şəhərində yerləşən data mərkəzi istifadəyə verilib və kommersiya fəaliyyətinə başlayır.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, mərkəz “bulud” xidmətlərinin göstərildiyi müxtəlif data mərkəzlərini əhatə edən təcrid edilmiş infrastrukturdur.

Bu infrastruktur vasitəsilə bizneslər öz maraqlarına müvafiq olaraq son istehlakçıya yaxınlıq, replikasiya, gecikmə və ya məlumatların qorunması xidmətlərindən faydalana bilərlər. MMC-nin Yevlaxda inşa etdiyi data mərkəz, şirkətin Bakıda yerləşən data mərkəzi kimi “Tier III” beynəlxalq uyğunluq, biznesin davamlılığını idarəetmə sistemi üzrə “ISO 22301”, İT xidmətlərinin göstərilməsi və idarə edilməsi üzrə “ISO 20000” və informasiya təhlükəsizliyi üzrə “ISO 27001” standartı sertifikatlarına malikdir.

Ümumi tikinti sahəsi 1400 kv.m ərazini əhatə edən Yevlax data mərkəzi bütün kritik infrastrukturu “1+1” prinsipi ilə inşa edilib. Konteyner tipli infrastruktur alternativ enerji təminatı, yanğınsöndürmə sistemləri, fiziki mühafizə, ehtiyat su və yanacaq çənləri, enerji mənbələrini təmin edən yüksək səviyyəli qoruma sistemləri ilə təchiz edilib. Mərkəzin mobil tipli layihələndirilməsinin əsas üstünlüyü daşına bilmə xüsusiyyətinə malik olmasıdır. Bu da fövqəladə hallar zamanı məlumatlar saxlanılan konteynerlərin fiziki olaraq tam təhlükəsiz şəkildə daha etibarlı əraziyə daşınmasına imkan verir.

Bakı data mərkəzinin bütün xidmətləri Yevlax mərkəzində də təqdim ediləcək və bizneslərin tələbindən asılı olaraq həm əsas, həm də rezerv data mərkəzi kimi istifadə oluna biləcək.

Data mərkəz yalnız cari müştərilər üçün deyil, eyni zamanda informasiya sistemlərini “AZCLOUD”a miqrasiya etməmiş müştərilər üçün də ehtiyat data mərkəzi rolunu oynayacaq.

Burada bulud xidmətləri, biznes həlləri, mərkəzləşmiş informasiya sistemləri və beynəlxalq səs trafiki xidmətləri təqdim ediləcək. Həmçinin fövqəladə hallarda müştərilər informasiya sistemlərinin fasiləsiz fəaliyyətini həyata keçirmələri üçün “DRaaS” (fövqəladə hal zamanı bulud sisteminə miqrasiya olunmuş məlumatların qorunması) xidməti ilə təmin olunacaq. Bununla da bizneslər təbii fəlakətlər və müxtəlif antropogen insidentlərin təsirindən daha çevik yayınacaq və daha yüksək dayanıqlılıq nümayiş etdirəcəklər. “DRaaS” xidməti istifadəçiləri öz informasiya infrastrukturunu 2 müxtəlif coğrafi məkanda eyni real zaman rejimində aktiv-passiv və ya aktiv-aktiv statusunda istifadə edə biləcəklər. Bundan əlavə “DRaaS” xidməti vasitəsilə tətbiq ediləcək həllər müştəriləri xərclərin azalmasına və daxili resursların daha səmərəli istifadəsinə yönəldərək bizneslərin mövcud bazar konyukturasına daha uyğun dəyər yaratmasına səbəb olacaq.

Hazırda Yevlax data mərkəzi vasitəsilə Azərbaycanla bütün dünya ölkələri arasında mübadilə olunan beynəlxalq telefon danışıqlarını təmin edən İMS tipli stansiya sistemlərinin coğrafi rezervlənməsi də həyata keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR