«Bank Respublika»nın daha bir filialı fasiləsiz iş rejiminə keçib

«Bank Respublika»nın daha bir filialı fasiləsiz iş rejiminə keçib
# 24 oktyabr 2008 08:56 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanın «Bank Respublika» Səhmdar Kommersiya Bankının (SKB) Bakıda Q.Qarayev pr-ti,61C ünvanında yerləşən «Neftçilər» filialı həftənin 5 günü saat 21:00-dək fasiləsiz xidmət göstərməyə başlayıb.
SKB-dan «APA-Economics»ə verilən məlumata görə, şənbə günü isə «Neftçilər» filialı saat 10:00-dan 19:00-dək əhaliyə bank xidmətləri göstərir. Yeni iş vaxtı banka gələ bilməyən müştərilərin ehtiyaclarını nəzərə alaraq tətbiq olunub.
Uzadılmış axşam saatları ərzində cari hesablar üzrə əməliyyatlar, əmanətin qəbulu, kredit borcunun ödənilməsi, plastik kartlar üzrə əməliyyatlar (kart sifarişi, hesaba mədaxil, kredit xətti üzrə borcun ödənilməsi), təcili pul köçürmələri, mobil rabitə operatorlarının xidmətlərinin ödənilməsi, valyuta mübadiləsi kimi əməliyyatlar aparmaq mümkündür.
Qeyd edək ki, hazırda «Bank Respublika»nın 29 filialı və şöbəsi fəaliyyət göstərir, həmçinin Bakıda müştərilərə həftənin bütün günləri 24 saat fasiləsiz xidmət göstərən «Ofis24» fəaliyyət göstərir. Bankın «Əhmədli» filialı, «Memar Əcəmi» şöbəsi saat 22:00-dək, «Gəncə» şöbəsi isə saat 20:00-dək xidmət göstərir. Bankın digər filial və şöbələri isə müştərilərə həftənin 5 günü saat 9:00-dan 17:00-dək, şənbə günü isə saat 10:00-dan 15:00-dək fasiləsiz xidmət göstərir.
Xatırladaq ki, «Bank Respublika» ASC 1992-ci ildən fəaliyyət göstərir. Almaniyanın DEG İnvestisiya Şirkəti və «Sparkassen International Development Trust» şirkəti 2005-ci ilin aprelin 28-dən bankın kapitalında «25%+1 səhm» iştirak payına malikdir. Bu ilin sentyab ayının 1-nə bankın aktivləri 398,5 mln. manat, kredit portfelinin 271,7 mln. manat, məcmu kapitalı 46,3 mln. manat, o cümlədən nizamnamə kapitalı 22,58 mln. manat təşkil edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR