«AtaBank» maliyyə böhranı ilə əlaqədar xaricdən kreditlərin cəlb edilməsinə dair aparılan danışıqları dayandırıb

«AtaBank» maliyyə böhranı ilə əlaqədar xaricdən kreditlərin cəlb edilməsinə dair aparılan danışıqları dayandırıb
# 24 oktyabr 2008 12:39 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «AtaBank» Səhmdar Kommersiya Bankının (SKB) İslam İnkişaf Bankından (IDB) bu il alınması gözlənilən kreditin ayrılmasının ləngiməsi dünya maliyyə böhranı ilə bağlıdır. Bunu «APA-Economics»ə açıqlamasında «AtaBank»ın İdarə Heyətinin sədr müavini Müseyib Əliyev bildirib.
M.Əliyevin sözlərinə görə, dünyada müşahidə olunan maliyyə böhranı ilə əlaqədər ümumiyyətlə bütün beynəlxalq təşkilatlarla aparılan danışıqlar dayandırılıb. Böhran yaxın vaxtlarda aradan qaldırıldıqdan sonra məsələnin həll olunacağı gözlənilir.
Qeyd edək ki, «AtaBank» ilə IDB arasında yeni kredit xəttinin açılmasına dair ilkin razılıq əldə olunub. İslam bankından cəlb olunacaq kredit Azərbaycanda ticarətin maliyyələşdirilməsinə sərf ediləcək. Kreditin məbləği və şərtləri isə hələ tərəflər arasında tam dəqiqləşdirilməyib. «AtaBank» həmçinin Beynəlxalq Maliyyə Korporasiyası (İFC) və Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) ilə də bu sahədə əməkdaşlığa dair danışıqlar aparır.
Xatırladaq ki, «AtaBank» SKB 1993-cü ildən fəaliyyət göstərir. Cari ilin yanvar ayının 1-nə bankın aktivləri 110,705 mln. manat, kredit portfeli 70,557 mln. manat, depozit portfeli 74,650 mln. manat, məcmu kapital 14,854 mln. manat, o cümlədən, nizamnamə kapitalı 11,5 mln. manat təşkil edib. Hazırda bankın 44 bankomatı və 163 POS-terminalı mövcuddur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR