«Gəncəbank» son bir ildə aktivlərini 24% artırıb

«Gəncəbank» son bir ildə aktivlərini 24% artırıb
# 28 oktyabr 2008 12:33 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Gəncəbank» Səhmdar Kommersiya Bankının (SKB) aktivlərinin həcmi 2008-ci ilin oktyabr ayının 1-nə 29,544 mln. manat təşkil edib ki, bu da ötən ilin oktyabrın 1-nə olan analoji göstəricidən 23,9% çoxdur.
Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın depozit portfeli 41,5% genişlənərək 3,920 mln. manata, kredit portfeli 22,8% artaraq 26,374 mln. manata, o cümlədən istehlak kreditlərinin həcmi 9,77% artaraq 7,738 mln. manata çatıb. Həmçinin, bankın məcmu kapitalı 14,7% artaraq 12,049 mln. manat, o cümlədən nizamnamə kapitalı sabit qalaraq 10 mln. manat olub.
Qeyd edək ki, bu ilin yanvar-sentyabr aylarında bankın gəlirləri ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 51% artaraq 4,221 mln. manat, xərcləri isə 14,7% artaraq 3,378 mln. manat təşkil edib. Nəticədə, bu ilin ilk 9 ayında bankın mənfəəti 0,842 mln. manat olub. Ötən ilin yanvar-sentyabr aylarında isə «Gəncəbank» 149 min manat zərərlə işləyib.
Bundan başqa, bank bu müddət ərzində əlavə 1 filial açıb, 2 bankomat və 1 POS-terminal quraşdırıb. Həmçinin, son bir il ərzində bankın işçilərinin sayı 10,3% artaraq 75 nəfərə, orta aylıq əmək haqqı isə 9,2% artaraq 533 manata çatıb.
Xatırladaq ki, «Gəncəbank» SKB 1994-cü ildən fəaliyyət göstərən ilk regional bankdır (baş ofis Gəncə şəhərində yerləşir). Bankın respublika üzrə 3 filialı (Gəncə, Kəpəz, Şəmkir), 3 bankomatı və 1 POS-terminalı fəaliyyət göstərir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR