Azərbaycan Milli Bankının uçot dərəcəsinin azaldılmasına dair qərarı bu gündən qüvvəyə minib

Azərbaycan Milli Bankının uçot dərəcəsinin azaldılmasına dair qərarı bu gündən qüvvəyə minib
# 03 noyabr 2008 08:47 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Noyabrın 3-də Azərbaycan Milli Bankı (AMB) İdarə Heyətinin uçot dərəcəsinin 12%-dən 10%-ə, faiz dəhlizinin yuxarı həddinin 17%-dən 15%-ə, dəhlizin aşağı həddinin 3%-dən 1%-ə, bankların həm manat, həm də xarici valyutada öhdəlikləri üzrə məcburi ehtiyat normalarının 12%-dən 9%-ə, bankların xarici öhdəlikləri üzrə məcburi ehtiyat normasının 5%-dən sıfıra endirilməsi barədə qərarı qüvvəyə minib. «APA-Economics»in məlumatına görə, AMB bu addımı bank sistemində likvidliyin artırılmasının zəruriliyi ilə izah edir.
Ümumilikdə, mərkəzi bankın faiz dərəcəsinin, həmçinin ehtiyat normalarının aşağı salınması adətən kredit dərəcələrinin enməsi ilə nəticələnir. AMB ifrat likvidlik şəraitində Azərbaycanda kredit dərəcələrinin aşağı düşəcəyini gözləyir. Eyni zamanda, Azərbaycan banklarının resurs bazasının əsas mənbələrindən biri və ən ucuzu olan xarici borcalmanın dünya maliyyə böhranı ilə əlaqədar yaxın gələcəkdə tamamilə dondurulacağı gözlənilir. Nəticədə, banklar fondlaşmanı digər mənbələr - depozitlərin cəlb edilməsini genişləndirmək hesabına artırmaq məcburiyyət qarşısında qalacaq və ölkədə bu sahədə rəqabət güclənəcək. Rəqabətin ilk nəticəsi olaraq depozitlər üzrə faiz dərəcələri artacaq (bu proses artıq bir sıra bank üzrə müşahidə olunur). Ehtiyat normalarının aşağı salınması nəticəsində isə banklar üçün ümumilikdə azad olunacaq təxminən 220 mln. manat həcmində vəsait kreditləşməyə sərf olunacaq. Bundan sonra, banklar öz kredit fəaliyyətlərini daraltmamaq üçün resurs bazalarını genişləndirəcək. Nəticədə, depozitlər bahalaşacaq və bunun məntiqi nəticəsi olaraq kreditlərin də bahalaşacağı gözlənilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR