100 milyon dollarlıq “ASCO istiqrazları”na abunə yazılışı bitib

100 milyon dollarlıq “ASCO istiqrazları”na abunə yazılışı bitib
# 01 mart 2023 18:27 (UTC +04:00)

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) dövriyyəyə buraxdığı “ASCO istiqrazları” üzrə abunə yazılışı başa çatıb.

"APA-Economics" xəbər verir ki, ASCO tərəfindən emissiya edilən hər birinin nominal dəyəri min ABŞ dolları, ümumi məbləği isə 100 milyon ABŞ dolları həcmində faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlara abunə yazılışı müddəti 28 fevral 2023-cü il tarixində bitib. İlkin bazarda ASCO istiqrazlarını əldə etmək istəyən investorlar istiqrazın Anderrayteri – “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-yə müraciət edərək abunə yazılıblar.

Məlumata görə, abunə yazılışının nəticələrinə əsasən, istiqrazlara həm fiziki, həm də hüquqi şəxslər tərəfindən böyük maraq göstərilib. Emitent olaraq ASCO-nun yerli bazarda satışa çıxardığı istiqrazlara investorların tələbi Gəmiçiliyin yerləşdirdiyi təklifdən daha çox olub. Belə ki, 29 dekabr 2022-ci il tarixindən 28 fevral 2023-cü il tarixinə qədər davam edən abunə yazılışı dövründə istiqrazların alınması üzrə 125 sifariş verilib. Hüquqi şəxslər tərəfindən verilmiş sifarişlərin həcmi 89,1 faiz, fiziki şəxslər tərəfindən verilmiş sifarişlərin həcmi isə 10,9 faiz təşkil edib.

Bu istiqrazların abunə yazılmış investorlar arasında yerləşdirilməsi 3 mart 2023-cü il tarixində “Bakı Fond Birjası” QSC-nin ticarət platforması vasitəsi ilə həyata keçiriləcəkdir.

Yerləşdirmə başa çatdıqdan sonra, bu istiqrazlar “Bakı Fond Birjası” QSC-nin “Premium” listinqində təkrar bazarda tədavül ediləcəkdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR