ABŞ-da ərzaq məhsulları gələn ilin ilk yarısında 5% bahalaşacaq

ABŞ-da ərzaq məhsulları gələn ilin ilk yarısında 5% bahalaşacaq
# 28 dekabr 2021 12:05 (UTC +04:00)

2022-ci ilin birinci yarısında ABŞ-da ərzaq qiymətləri 5% artacaq.

"APA-Economics"in məlumatına görə, bu barədə Beynəlxalq Respublika İnstitutunun (IRI) araşdırmasında deyilir.

Qeyd olunur ki, bu, pərakəndə satıcıların əməkhaqqı, logistika xidmətləri və məhsulların alınması xərclərinin artması fonunda qiymətlərin artması ilə əlaqədar baş verəcək, çünki ərzaq istehsalçıları onları daha yüksək qiymətə satmaq niyyətindədir. "Mondelez International Inc.", "General Mills Inc.", "Campbell Soup Co", "Kraft Heinz Co." kimi qida istehsalçıları artıq yeni ildən məhsullarının bahalaşacağını bildiriblər. "Kraft Heinz" məhsulların qiymətini orta hesabla 5%, "Mondelez" isə 6-7% artırmağı planlaşdırır.

Bütün bunlar ABŞ-da inflyasiyanın rekord həddə qalmasına gətirib çıxaracaq.

IRI-nin məlumatına görə, 2022-ci ildə ərzaq qiymətlərinin artım tempi 2%-dən 20%-dək olacaq və ərzaq mağazalarının bütün şöbələrində müşahidə olunacaq. Kartof, kərəviz və digər tərəvəzlər, şərab, pivə və digər spirtli içkilər kimi logistika xərclərinin artması səbəbindən qismən bahalaşacaq.

Bu arada istehlakçılar yüksək qiymətlərə daha həssas olur və daha ucuz məhsullar almağa başlayırlar. Öz növbəsində, pərakəndə satıcılar müəyyən məhsullar üzrə aksiyalar və endirim kampaniyaları keçirmək və erkən ehtiyat toplama kimi yollarla artan qiymətlərlə mübarizə aparmağa çalışırlar.

Xatırladaq ki, ötən ay ABŞ-da istehlak qiymətləri indeksi (CPI) keçən ilin eyni dövrü ilə müqayisədə 6,8% artaraq 1982-ci ildən bəri ən sürətli temp olub. Dükanlarda ərzaq məhsullarının qiymətlərinin dinamikasını əks etdirən alt indeks illik ifadədə 6,4% artıb. Bununla yanaşı, ət, balıq və toyuq yumurtası 12,8% bahalaşıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR