Azərbaycan indiyədək Gürcüstana 3,2 mlrd. dollar investisiya yatırıb

Azərbaycan indiyədək Gürcüstana 3,2 mlrd. dollar investisiya yatırıb
# 17 sentyabr 2019 17:42 (UTC +04:00)

İndiyədək Azərbaycandan Gürcüstana 3,2 mlrd. ABŞ dolları investisiya yatırılıb və Azərbaycan şirkətləri qonşu ölkədə əsas vergi ödəyicilərindəndir.

APA-Economics”in məlumatına görə, bu barədə Azərbaycanın İqtisadiyyat naziri Şahin Mustafayev Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf naziri Natiya Turnavanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşü zamanı bildirib.

Onun sözlərinə görə, Azərbaycan Gürcüstanla əməkdaşlığın inkişafına böyük önəm verir və iki ölkə münasibətlərinin bütün istiqamətlərdə inkişafında maraqlıdır. Gürcüstan Azərbaycanın təşəbbüsü ilə reallaşdırılan enerji və nəqliyyat layihələrində fəal iştirak etməklə regional əməkdaşlığa töhfə verir. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Cənub Qaz Dəhlizi kimi enerji, Bakı-Tbilisi-Qars kimi qlobal əhəmiyyətli nəqliyyat layihələri bunun mühüm göstəriciləridir.

“Ötən il Azərbaycanla Gürcüstan arasında ticarət dövriyyəsi artaraq 580 mln. dollara çatıb. 700-dən çox Azərbaycan şirkətinin Gürcüstanda uğurlu fəaliyyətini vurğulayan iqtisadiyyat naziri diqqətə çatdırıb ki, Azərbaycanda 300-dən artıq Gürcüstan şirkəti fəaliyyət göstərir”, - deyə, nazir qeyd edib.

Görüş zamanı Natiya Turnava bildirib ki, Azərbaycan regionda və dünyada nüfuzlu dövlətdir və ölkəsi Azərbaycanla əlaqələrin inkişafında maraqlıdır.

Gürcü nazir Azərbaycanın Gürcüstanla mühüm əhəmiyyətli regional və qlobal layihələrdə birgə iştirakını, Azərbaycan tərəfindən Gürcüstan iqtisadiyyatına iri həcmli investisiyaların yatırıldığını qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR