Bank lisenziyalarının alınması qaydası dəyişir.
APA-nın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Banklar haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, bu sahədə səlahiyyətli qurum Mərkəzi Bank olacaq.
Beləliklə, bank lisenziyası və icazə alınması üçün bankın təsisçiləri və ya qanunvericiliyə müvafiq qaydada vəkil edilmiş şəxslər Mərəzi Banka yazılı şəkildə müraciət edəcəklər. Müraciətin forması və məzmunu, ona əlavə edilən sənədlər Mərkəzi Bankın normativ xarakterli aktları ilə müəyyən edilmiş tələblərə cavab verməlidir.
Qüvvədə olan qanuna görə, bank lisenziyası və icazə alınması üçün müraciətə baxarkən maliyyə bazarlarına nəzarət orqanı bankın kapitalında mühüm iştirak paylarının sahiblərinin (hüquqi şəxs olduqda onların icra orqanlarının rəhbərlərinin) və inzibatçıların maliyyə vəziyyəti, peşəkar fəaliyyəti və keçmişdə cinayət məsuliyyətinə cəlb olunub-olunmadıqları haqqında maliyyə, vergi və hüquq mühafizə orqanlarından məlumat ala bilər. Bu tələb sonradan bankda mühüm iştirak payını əldə etmək istəyən şəxslərə (hüquqi şəxs olduqda onların icra orqanlarının rəhbərlərinə), yeni təyin olunan inzibatçılara və bankın törəmə strukturuna çevrilən hüquqi şəxsin icra orqanlarının rəhbərlərinə də şamil edilir. Bu məqsədlə maliyyə, vergi və hüquq mühafizə orqanları maliyyə bazarlarına nəzarət orqanına onun tələb edə biləcəyi məlumatı verir.
Layihəyə görə, bank lisenziyası və icazə alınması üçün müraciətə baxarkən Mərkəzi Bank bankın kapitalında pay sahiblərinin və benefisiar mülkiyyətçilərin maliyyə vəziyyəti, habelə mühüm iştirak pay sahiblərinin (hüquqi şəxs olduqda onların icra orqanlarının rəhbərlərinin), benefisiar mülkiyyətçilərin və inzibatçıların məqbul və lazımi keyfiyyətlərə malik olması və bankın nizamnamə kapitalının mənbəyi barədə müstəqil və etibarlı mənbələrdən, habelə aidiyyəti dövlət orqanlarından (qurumlarından) məlumatlar əldə edə bilər.
Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.