Lirə manata qarşı 24% möhkəmlənib

Lirə manata qarşı 24% möhkəmlənib
# 21 dekabr 2021 10:35 (UTC +04:00)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın zəifləmiş milli valyutanın əhalinin üzərindəki yükünü yüngülləşdirəcək və dollarlaşmanı azaldacaq bir sıra addımları atılacağı açıqlamasından sonra Türkiyə lirəsi ABŞ dollarına qarşı 20% möhkəmlənib.

"APA-Economics"in məlumatına görə, ötən gün Bakı vaxtı ilə saat 16:52-də lirənin dollara qarşı məzənnəsi 17,7540 lirə səviyyəsinə qədər enib, lakin prezidentin çıxışından sonra məzənnə 13 lirə səviyyəsinədək yüksəlib.

Türkiyə Banklar Assosiasiyasının (TBA) rəhbəri Alpaslan Çakar bildirib ki, Rəcəb Tayyib Ərdoğanın çıxışından sonra Türkiyə Mərkəzi Bankı bazarda 1 mlrd. dollara yaxın valyuta realizə edib. A. Çakar qeyd edib ki, dövlət banklarından başqa, özəl banklar da Ərdoğanın elan etdiyi tədbirlərə qoşula bilər və bunların xərci Maliyyə Nazirliyi tərəfindən qarşılanacaq. O, həmçinin, prezidentin tövsiyə etdiyi kimi, qızıl əmanətlərinin iqtisadiyyata daxil edilməsi üçün müəyyən tədbirlərin görüləcəyini bildirib.

TBA rəsmisi əlavə edib ki, aşağı faiz dərəcələri ilə bir neçə ay ərzində inflyasiyanın enəcəyi gözlənilir.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankını bugünkü rəsmi məzənnəsinə görə, lirə manata qarşı 23,8% bahalaşıb və hazırda 1 manat 7,9681 lirə təşkil edir.

Xatırladaq ki, milli valyutanın dəyərsizləşməsi fonunda Türkiyə hökuməti ölkədə gələn il üçün minimum əməkhaqqının məbləğini 50,4% artıraraq 2 826 lirədən 4 250 lirəyə çatdırıb. Dekabrın 16-da Türkiyə Mərkəzi Bankı yüksək inflyasiyaya baxmayaraq, uçot dərəcəsini 15%-dən 14%-ə endirib. Bir çox aparıcı iqtisadçı bu fonda lirənin zəifləməsini artan inflyasiyanı daha da şiddətləndirərək 30%-dən yuxarı qaldıracağını düşünür.

Noyabrda Türkiyədə illik inflyasiya 21,31% təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR