Türkiyədə illik inflyasiya 36%-i keçib

Türkiyədə illik inflyasiya 36%-i keçib
# 03 yanvar 2022 12:07 (UTC +04:00)

Dekabrda Türkiyədə istehlakçı qiymətləri indeksi 2020-ci ilin eyni ayı ilə müqayisədə 36,08%, noyabr ayı ilə müqayisədə isə 13,58% artıb.

"APA-Economics"in Türkiyənin Dövlət Statistika Qurumuna ("TurkStat") istinadən verdiyi məlumata görə, ölkədə ortaillik inflyasiya isə dekabrda 19,6% təşkil edib. İnflyasiyanı formalaşdıran ayrı-ayrı malların və xidmtələrin qiymətlərinə gəldikdə, dekabrda illik müqayisədə ən kəskin qiymət artımları nəqliyyatda (53,66%), ərzaq və alkoqolsuz içkilərdə (43,80%), mebel və məişət avadanlıqlarında (40,95%) və ictimai iaşə obyektlərində (40,85%) müşahidə olunub.

Qeyd edək ki, təkcə dekabr ayında nəqliyyat xidmətləri 28,49%, mebel və məişət avadanlıqları isə 16,54% bahalaşıb.

Xatırladaq ki, milli valyutanın dəyərsizləşməsi fonunda Türkiyə hökuməti ölkədə gələn il üçün minimum əməkhaqqının məbləğini 50,4% artıraraq 2 826 lirədən 4 250 lirəyə çatdırmışdı. Dekabrın 16-da Türkiyə Mərkəzi Bankı yüksək inflyasiyaya baxmayaraq, uçot dərəcəsini 15%-dən 14%-ə endirmişdi.

Türkiyə Mərkəzi Bankının rəsmi məzənnəsinə görə, hazırda 1 dollar 13,3530 lirəyə ticarət olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR