Azərbaycanda elektron qaimə ilə rəsmiləşən dövriyyələr 7% artıb

Azərbaycanda elektron qaimə ilə rəsmiləşən dövriyyələr 7% artıb
# 16 iyul 2020 10:36 (UTC +04:00)

Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda Azərbaycanda kölgə iqtisadiyyatı ilə mübarizə istiqamətində həyata keçirilən tədbirlər və bu sahədə əldə edilən uğurlu nəticələr haqqında danışıb.

"APA-Economics"in məlumatına görə, nazir bildirib ki, ilk növbədə, kölgə iqtisadiyyatının həcmi ölçülərkən dövriyyələrə fikir verilir – xüsusilə elektron qaimə ilə rəsmiləşən dövriyyələrə. Bunların həcmi ötən ilin 5 ayına nisbətən 6,8% artıb. Halbuki dövr ərzində qeyri-neft ÜDM-i 2,1% azalıb. Resessiya şəraitində bu göstəricinin artması dövriyyələrin şəffaflaşmasının mühüm göstəricisidir.

Nazirin sözlərinə görə, qeyri-neft sektorunda elektron qaimə ilə rəsmiləşən dövriyyələrin həcminin artım templəri sənayedə 3,2%, ticarətdə 6%, o cümlədən pərakəndə ticarətdə 15,3% olub: "Halbuki biz pərakəndə ticarətin ümumi dövriyyəsinin 1,7% azalmasını, hətta ictimai iaşədə 36,8% azalma nəzərə alırıq, amma rəsmiləşən dövriyyədə 5,3% artımı qeydiyyatdan keçiririk".

M. Cabbarov əlavə edib ki, tikinti sektorunda 2,9% artım dövriyyələri rəsmiləşməsində, halbuki 14,1% azalma neft kontraktları nəzərə alınmadan və bir sıra digər sahələrdə.

"Digər bir amil, biz əlavə dəyər vergisi depoziti hesabına mədaxillərin dinamikasını izləyərək onu qeyd edirik ki, cari ilin 6 ayında özəl sektor üzrə ƏDV depoziti hesabına mədaxil 6,8% artıb. Resessiya şəraitində özəl sektor üzrə mədaxilin artması şəffaflaşmanın mühüm göstəricilərindən biridir. Qeyd edək ki, Mərkəzi Bankın məlumatına əsasən, 1 iyun tarixinə özəl sektorun banklardakı manatla cari hesablaşma hesabının qalığı ötən ilin 1 iyun tarixi ilə müqayisədə 39,2% artıb ki, bu da bankdan keçən dövriyyələrin artımının ağarmasını təsdiq edən digər mühüm göstəricidir", - deyə nazir bildirib.

O həmçinin əlavə edib ki, 2019-cu ildə qeyri-neft sektorunun özəl bölməsində əməkhaqqı fondu 29,1% artmışdırsa və əhalinin gəlirlərinin artım tempini 3,9 dəfə üstələyirdisə, 2020-ci ilin birinci rübündə ötən ilin eyni dövrü ilə müqayisədə artım davam edərək 23,6% olub və əhalinin gəlirlərinin artım tempini 3,5 dəfə üstələyib.

Neft-qaz məhsulları istisna olmaqla, istehlakçılar tərəfindən ölkə ərazisində ticarət və ictimai iaşə fəaliyyəti göstərən nöqtələrdən alınmış mallara görə ödənilmiş ƏDV-nin geri qaytarılması layihəsi mayın 1-dən başlayıb. Ötən dövr ərzində 10,4 mln. çek üzrə daxil olmuş müraciətlə bağlı artıq 2,7 mln. manat ƏDV istehlakçılara qaytarılıb, 2,4 mln. manat isə 30 gün tamamlananda qaytarılacaq.

"Bizim qarşımızda 3 əsas hədəf var - makroiqtisadi sabitliyin qorunması, iş yerlərinin və məşğulluğun qorunması, məşğulluğun inkişafı və büdcə gəlirlərinin iqtisadi bazası olan daxili tələbin və investisiyaların dəstəklənməsi. Tapşırığınıza uyğun olaraq biz 7 sektor üzrə - tikinti, dağ-mədən, rəqəmsal iqtisadiyyat, telekommunikasiya, kənd təsərrüfatı, emal sənayesi, daxili turizm, nəqliyyat, turizm və logistika olmaqla, müvafiq araşdırmaları başa çatdırırıq və qısa müddət ərzində hər bir sektoral sahə üzrə hökumətə təqdim olunacaq", - deyə M. Cabbarov bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR